A

azedu.az

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.

O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub. O, UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb, eyni zamanda AQA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünə layiq görülüb.

Nəzrin "SOFAZ Stock Pitch Competition", "Azerbaijan Business Case Competition (ABCC)" və "Enactus World Cup" yarışmalarının qalibidir.

Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda Moonwake Investment şirkətində Biznes Analitik kimi çalışır.

AzEdu.az bu münasibətlə Nəzrin Balayeva ilə əlaqə saxlayıb.

Müsahibəni təqdim edirik. 

- Nəzrin xanım, sizi ilk növbədə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Çox istərdik ki, oxucularımıza sizi daha yaxından tanıdaq.

- Çox sağ olun. Mən, Nəzrin Balayeva orta təhsilimi 146 saylı orta məktəbdə bitirmişəm. 2020-ci ildə bakalavr üzrə 660 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olub, 2024-cü ildə məzun olmuşam.

- ABŞ-də təhsil almaq bir çox gəncin arzusudur. Necə oldu ki, burada təhsil almaq qərarına gəldiniz?

Düzünü desəm, MİT-dəki bu proqram mənim üçün xüsusi maraq kəsb edirdi. Məhz buna görə də yalnız bu proqrama müraciət etdim. Onu da qeyd edim ki, ABŞ-dəki digər universitetlərə qəbul olmaq istəmirdim.

Mənim üçün təkcə maliyyə deyil, həm də davamlı inkişaf, ekologiya və sosial sahələr böyük önəm daşıyır. Bu proqramın ən cəlbedici xüsusiyyətlərindən biri də məhz maliyyə ilə bu sahələrin birləşdirildiyi dərslərin tədris olunmasıdır. Məhz buna görə seçimimi yalnız bu proqram üzərində cəmlədim.

Yeri gəlmişkən, İngiltərədəki bir neçə universitetə də müraciət etmişəm, lakin hələlik cavab almamışam.

- Nə üçün maliyyə ixitsası üzrə təhsilinizi davam etdirmək istədiniz?

Düşünürəm ki, UNEC-də nə qədər keyfiyyətli təhsil sistemi olsa da, beynəlxalq arenada olmaq və özümü inkişaf etdirmək üçün bu ixtisas üzrə xaricdə təhsil almağım mütləqdir. Gənclərə də bunu tövsiyə edərdim. Çünki bir şəxs kimi inkişaf etmək üçün ən azı 1-2 il xaricdə yaşamaq, həmin mühiti görmək və ailədən uzaq qalaraq bir növ öz ayaqlarının üzərində durmaq olduqca vacibdir.

- Az əvvəl qeyd etdiniz ki, insanın özünü inkişaf etdirməsi üçün ailədən uzaq qalaraq tək yaşamağı bacarması vacibdir. Lakin bəzi insanlar üçün bu, asan olmaya bilər. Bəs sizin üçün necədir? Bu, ailənizdən uzaqda keçirdiyiniz ilk səfərdir?

- Bəli, bu, mənim ilk səfərimdir. İndiyə qədər heç vaxt başqa bir şəhər və ya rayonda belə yaşamamışam.

- Bəs bu səbəbin sizə çətinlik yaradacağını düşünürsünüzmü?

Həm vətənim, həm də ailəm üçün darıxacağam. Lakin bu, bir növ “şirin darıxmaq” olacaq. Düşünürəm ki, çətinlik yaratsa belə üstəsindən gələ biləcəm. Həmçinin getdiyim şəhərdə azərbaycanlı insanlar var. Onların iştirak etdiyi müxtəlif tədbirlər olur. Məncə, tam da vətəndən ayrı qalmırsan.

- Valideynləriniz necə, bu uzaqlığa nə deyir?

Əslində, xaricdə oxumaq mənim çoxdankı arzum idi. Hətta bakalavrı da xaricdə oxumaq istəyirdim. Lakin həmin vaxtlar imkanlar məhdud idi. Həm də valideynlərim çox da dəstək olmadılar. Sözün düzü, atam mənə bir şərt qoydu. Dedi ki, “bax qızım, xaricə getməyinə çox narahatam. Orada biz olmayacağıq, tamamilə başqa bir mühit var. Birdən başına bir iş gələr. Bu qədər riski gözə alırıqsa, ən azından TOP 5 universitetlərdən birinə qəbul olmalısan”.

Mənə ancaq o şərtlə icazə verə biləcəyini demişdi. Çox şükür ki, həm atam, həm də mən arzuma çatdım. Hətta universitetə müraciət etdiyim vaxtlarda da atam narahat idi. Lakin qəbul olduğumu eşidən zaman üzündəki sevinci görmək mənim üçün izahedilməz bir xoşbəxtlik oldu. Hər kəs çox sevindi.

Qızlara da tövsiyə edərdim ki, nəticə olduqdan sonra onun qarşısında durmaq mümkün olmur. Ona görə də insan arzularından imtina etməməlidir.

- Siz ailənin tək övladısınız?

- Xeyr. Məndən böyük iki qardaşım var. Lakin evin tək qızıyam.

- Nəzrin xanım, sizə görə xaricdə təhsillə bizim təhsil sistemi arasında nə kimi fərqlər var?

Mən deyərdim ki, bizim əksər universitetlərimiz daha çox tədqiqat yönümlü deyil. Tədqiqat xarici universitetlərə nisbətdə azdır. Hazırda oxumaq üçün gedəcəyim universitetdə tədqiqatlar üçün çox yaxşı şərait var.

- Magistratura təhsilini bitirdikdən sonra vətənə dönməyi düşünürsünüz?

- Bəli, təhsilimi başa vurduqdan sonra vətənə dönməyi planlaşdırıram. Xüsusilə də maraq dairəm maliyyənin investisiya sahəsinə yönəlib. Əgər bu sahədə ölkəmizdə uyğun fürsətlər yaranarsa, böyük məmnuniyyətlə həmin imkanlardan yararlanmaq istəyərəm. Əsas məqsədim vətənimizə faydalı bir şəxs olmaqdır. Eyni zamanda, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm.

- Xaricdə oxumaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Həmişə istəmişəm ki, xaricdə təhsil almaq istəyən xüsusilə də qızlar üçün bir motivasiya mənbəyi olum. Xarici universitetlər ən çox namizədin məqsədlərinə və dünya görüşünə diqqət yetirirlər. Lakin ən vacibi odur ki, bu universitetlər dünyada müsbət dəyişikliklər etməyi qarşısına məqsəd qoyan, bunun üçün çalışan tələbələri qəbul edirlər. Ona görə də tövsiyəm budur ki, xaricdə təhsil almaq istəyən gənclər ilk növbədə öz qarşılarına aydın və konkret məqsədlər qoysunlar.

TOP XƏBƏRLƏR