A

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici dillər departamentinin fəaliyyəti UNEC-in 95 illik tarixində əldə etdiyi uğurların məntiqi davamı olmaqla yanaşı, universitetin gələcəyə doğru strateji inkişafının əsas dayaqlarından birinə çevrilib. UNEC-in yubileyi təkcə keçmişin deyil, həm də gələcəyin təməlini qoyan mühüm mərhələdir və Xarici dillər departamenti bu gələcəyin quruculuğunda fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in Xarici dillər departamentinin direktoru dosent Aysel Xəlilovanın “UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişafı və regionda dayanıqlı tərəqqisinin təmin olunması məqsədilə təhsil sistemində müasir yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə xarici dil biliklərinin inkişaf etdirilməsi, tələbələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması və elmi-tədqiqat fəaliyyətlərinin dünya standartlarına uyğunlaşdırılması prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) uzun illər ərzində strateji inkişaf planları hazırlayıb və xarici dillərin tədrisinə xüsusi diqqət ayırıb. Xüsusilə, 2002-ci il iyunun 13-də Ulu Öndər Heydər Əliyevin UNEC-də səsləndirdiyi “İqtisadiyyatı irəli aparmaq üçün müasir, xarici dilləri bilən gənclər lazımdır” fikri universitetimizin xarici dil siyasətinin əsas dayağı kimi formalaşıb. Bu bəyanat UNEC-in xarici dillərin tədrisi strategiyasının və inkişaf planlarının əsas istiqamətlərini müəyyən edib, həmin gündən bəri fakültənin bütün fəaliyyət sahələrində öz əksini tapıb.

Hazırda UNEC Xarici dillər departamenti universitetin ən dinamik və strateji əhəmiyyətli bölmələrindən biri kimi fəaliyyət göstərir. Departamentdə 160-dan çox əməkdaş çalışır ki, onların 130-u professor-müəllim heyətinə daxildir. Bu müəllimlərin böyük əksəriyyəti Britaniya Şurası (British Council) tərəfindən tanınan Aptis C sertifikatı və ya IELTS imtahanında yüksək nəticələr (IELTS 8, IELTS 8.5) əldə edib. Bu, UNEC-də tədrisin beynəlxalq standartlara cavab verdiyini, müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksək olduğunu və müasir tədris metodlarının tətbiq edildiyini göstərir. Müəllimlərin davamlı peşəkar inkişafı üçün müntəzəm olaraq təlimlər, seminarlar və beynəlxalq təcrübə mübadiləsi proqramları təşkil olunur.

UNEC Xarici dillər departamenti yalnız ənənəvi auditoriya tədrisi ilə kifayətlənmir. Tələbələrin xarici dil bacarıqlarını təkmilləşdirmək məqsədilə müxtəlif tədbirlər, o cümlədən UNEC-in bütün tədris binalarında hər dil səviyyəsi üzrə “Ev oxusu” müzakirələri (2024-2025-ci tədris ilində ümumi say - 8), fakültədaxili və fakültələrarası dil olimpiadaları, beynəlxalq seminarlar və təlimlər (ümumi say - 20) və həftəlik danışıq klubları (ümumi say - 60) keçirilir. Bu tədbirlər tələbələrin dil bacarıqlarını praktikada tətbiq etməsi, ünsiyyət və analitik düşünmə qabiliyyətlərinin inkişafı üçün geniş imkanlar yaradır. Bundan başqa, tələbələrin beynəlxalq səviyyədə tanınan dil sertifikatları almaq üçün universitetdə hazırlıq proqramları aktiv şəkildə aparılır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət İqtisad Universitetində xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq, 2023-cü sentyabrın 6-dan Xarici dillər kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi Xarici dillər departamenti yaradılıb. Departamentin tərkibində Xarici dillərin tədrisi mərkəzi, Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi, UNEC Dil mərkəzi və UNEC Tərcümə mərkəzi fəaliyyət göstərir.

Xarici dillərin tədrisi mərkəzi müasir pedaqoji yanaşmalar əsasında ingilis, fransız, alman və rus dillərinin tədrisini təmin edir. Tədris proqramları beynəlxalq standartlara və UNEC-in tədris planlarına uyğun tərtib edilib, interaktiv metod və texnologiyaların tətbiqi ilə zənginləşdirilib. Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi tələbələrin dil biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsini həyata keçirir. Qiymətləndirmə meyarları beynəlxalq standartlara uyğun qurulub və tələbələrin dil səviyyəsinin dəqiq müəyyənləşdirilməsinə yönəlib. UNEC Dil mərkəzi beynəlxalq dil imtahanlarına hazırlıq kursları təşkil edir və “British Council” ilə IELTS imtahanı üzrə rəsmi əməkdaşlıq əlaqələrinə malikdir. Bu, tələbələrin dünya səviyyəli sertifikatlar əldə etməsini təmin edir. Tərcümə Mərkəzi isə universitetin elmi-tədqiqat və tədris materiallarının keyfiyyətli və vaxtında tərcüməsini həyata keçirir və çoxdillilik siyasətinin inkişafına töhfə verir.

Xarici dilin tədrisində ən mühüm addımlardan biri budur ki, 2024-2025-ci tədris ilindən başlayaraq, UNEC-in ikinci kurs tələbələri üçün beynəlxalq dil sertifikatlarının minimum B1 səviyyəsində əldə edilməsi məcburi tələblər siyahısına daxil edilib. Bu qərar tələbələrin xarici dillər üzrə bilik və bacarıqlarının beynəlxalq standartlara cavab verməsini təmin etmək məqsədi daşıyır. Bu səviyyənin təmin olunması üçün fakültədə müvafiq hazırlıq proqramları genişləndirilib, müəllim heyətinin peşəkarlığı artırılıb və qiymətləndirmə meyarları beynəlxalq standartlara uyğunlaşdırılıb. B1 səviyyəsi tələbələrə gündəlik və akademik həyatlarında xarici dili praktik olaraq istifadə etməyə imkan verir ki, bu da onların karyera perspektivlərinin inkişafına müsbət təsir göstərir.

Beynəlxalq səviyyədə tanınmış dil sertifikatlarının UNEC tələbələri tərəfindən əldə olunması universitetin beynəlxalq standartlara uyğun tədris keyfiyyətini və tələbələrin qlobal əmək bazarına uğurla inteqrasiyasını təmin edir. Məsələn, Aptis, ÖSD, TCF, TORFL kimi sertifikatlar UNEC-in xarici dil siyasətinin mühüm elementləridir. Bu sertifikatlar tələbələrin bilik və bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyir və onların əmək bazarında rəqabət üstünlüyü qazanmasına imkan yaradır.

UNEC-in beynəlmiləlləşmə strategiyasının əsas istiqamətlərindən biri tələbələrin beynəlxalq səviyyədə tanınan dil sertifikatları ilə təmin olunması və onların qlobal əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə UNEC Dil mərkəzi dünyanın aparıcı təhsil təşkilatlarından biri olan “British Council” ilə rəsmi əməkdaşlıq qurub.

Bu əməkdaşlıq UNEC tələbələrinə IELTS (International English Language Testing System) imtahanının rəsmi şəkildə universitet daxilində təşkili imkanını yaradır. “British Council” tərəfindən akkreditə olunmuş Dil Mərkəzi IELTS imtahanlarının keçirilməsi üçün zəruri olan bütün infrastruktur və texniki tələblərə cavab verir. Bu isə tələbələrə tanış və rahat mühitdə imtahan vermək imkanı yaradaraq onların performansına müsbət təsir göstərir.

Əməkdaşlıq çərçivəsində UNEC-də müntəzəm olaraq IELTS hazırlıq kursları təşkil olunur. Həmçinin UNEC müəllimləri “British Council” tərəfindən təlim və sertifikatlaşdırma proqramlarına cəlb olunur ki, bu da onların peşəkar inkişafına və tədris keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

“British Council” əməkdaşlarının universitetə mütəmadi səfərləri və təşkil olunan seminarlar tələbələr və müəllimlər üçün beynəlxalq təcrübənin birbaşa paylaşılması baxımından böyük əhəmiyyət daşıyır. UNEC tələbələri üçün bu əməkdaşlıq IELTS imtahanını yalnız bir tələb yox, həm də karyera üçün açar vasitə kimi təqdim edir.

Nəticə etibarilə, UNEC Dil mərkəzinin “British Council” ilə olan bu rəsmi əməkdaşlığı universitetin beynəlmiləlləşmə siyasətinin uğurlu göstəricisi olmaqla yanaşı, tələbələrin beynəlxalq səviyyəli dil kompetensiyalarına yiyələnməsində mühüm rol oynayır. Bu təşəbbüs UNEC-in Azərbaycanın ali təhsil məkanında qabaqcıl və innovativ təhsil müəssisəsi kimi mövqeyini daha da möhkəmləndirir.

UNEC Xarici dillər departamentinin beynəlxalq əməkdaşlıq tədbirlərindən biri də ingilis dili müəllimləri üçün təşkil olunan beynəlxalq forumlardır. 2025-ci ilin may ayında üçüncü dəfə keçirilən bu forumda Böyük Britaniya səfiri, “British Council”, həmçinin digər beynəlxalq təşkilatlar iştirak edərək, tədris keyfiyyətinin artırılması və beynəlxalq təcrübələrin paylaşılması istiqamətində vacib töhfələr verirlər. Forumlar vasitəsilə müəllimlər yeni pedaqoji yanaşmalar, innovativ texnologiyalar və tədris metodları ilə tanış olur, bu biliklər tədris prosesinə tətbiq edilir.

Bundan əlavə, UNEC Xarici dillər departamenti rəqəmsal transformasiyanın tələblərinə uyğun olaraq, süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyasını sürətləndirir. Bu məqsədlə onlayn dil öyrənmə platformaları, rəqəmsal qiymətləndirmə sistemləri və interaktiv tədris alətləri tətbiq edilir. Belə innovativ yanaşmalar tələbələrin dil öyrənmə prosesini daha maraqlı, səmərəli və fərdiləşdirilmiş edir. Eyni zamanda, bu texnologiyalar müəllimlərə tələbələrin fərdi inkişafını daha dəqiq izləmək və lazımi dəstəyi vaxtında göstərmək imkanı verir.

Xarici dillər departamentinin inkişaf strategiyasının əsas məqsədlərindən biri tələbələrin dil biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların analitik, kommunikativ və tənqidi düşüncə qabiliyyətlərinin formalaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün fakültədə müxtəlif interaktiv dərs metodları, layihə əsaslı tədris və tələbə mərkəzli yanaşmalar tətbiq edilir. Belə yanaşmalar tələbələrin dil öyrənmə prosesində fəal iştirakını təmin edir, onların müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirir və dilin müxtəlif sahələrdə praktik istifadəsinə şərait yaradır.

Nəticə etibarilə, Xarici dillər departamenti müasir çağırışlara cavab verən, beynəlxalq standartlara uyğun, innovativ və strateji yanaşmalar əsasında fəaliyyət göstərən qabaqcıl təhsil qurumudur. Departamentin uğurları universitetin ümumi beynəlmiləlləşmə strategiyasının və ölkəmizin təhsil sisteminin inkişafına mühüm töhfə verir. Gələcəkdə Xarici dillər departamenti öz fəaliyyətini daha da genişləndirərək, yeni texnologiyaların tətbiqini, beynəlxalq əməkdaşlığın inkişafını və tədris prosesinin səmərəliliyinin artırılmasını təmin edəcək. Bu isə UNEC tələbələrinin dünya səviyyəli mütəxəssislərə çevrilməsində əsas amil olacaq.

TOP XƏBƏRLƏR