A

 

 

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin fəaliyyət istiqamətlərindən biri də əlavə təhsillə bağlıdır. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrindən birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil - vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və onun yeni peşələrə, ixtisaslara yiyələnməsinə, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşdirilməsinə, ümumilikdə insan potensialının və insan kapitalının inkişafına xidmət edir. Bu məsələ ilə bağlı UNEC-in distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda əlavə təhsilin ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətləri vardır ki, bunlar da Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalarda əksini tapıb. Hazırda UNEC-də bu istiqamətlərdən ikisi – kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri reallaşdırılır. Bu iki istiqamət üzrə təhsil alan şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.Kadrların yenidənhazırlanma təhsili müraciət edən vətəndaşın ilkin baza təhsili proqramları ilə yenidən əldə etmək istədiyi ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mümkündür. Yəni bu, yaxın olan ixtisaslar üzrə mümkündür, daha sadə desək, bir sahənin daxilində ayrı-ayrı ixtisaslara yiyələnmək istəyən şəxslər üçün əlverişlidir. Məsələn, mühasibat uçotu ixtisası üzrə təhsil almış şəxs müraciət edib maliyyə ixtisasına yiyələnə bilər. Təkrar ali təhsil isə ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda seçilən təhsil istiqamətidir. Yəni tamamilə ayrı-ayrı sahələr olanda bu təhsili almaq mümkündür. Məsələn, hüquqşünaslıq, mühəndislik və ya digər ixtisaslar üzrə baza təhsili almış şəxs maliyyə ixtisasına yiyələnmək istədiyi halda yenidənhazırlanma təhsilini deyil, təkrar ali təhsil istiqamətini seçə bilər.S.Tanrıverdiyev bildirib ki, yenidənhazırlanma təhsilinin tədris müddəti bir ildir. Dərslər Azərbaycan dilində və ancaq əyani formada aparılır. Təkrar ali təhsildə isə təhsil əyani və qiyabi formalarda həyata keçirilə bilər. Tədris isə adətən ikinci kursdan başlanır. Bu, ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqdən asılıdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalarda da əks olunduğu kimi, əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun gəldikdə, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad edilir.Təkrar ali təhsilə qəbulun UNEC-də 21 ixtisas üzrə aparıldığını deyən S.Tanrıverdiyev qeyd edib ki, yenidənhazırlanma təhsili üç ixtisas üzrə – ali təhsil bazasında dünya iqtisadiyyatı və maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə maliyyə işi ixtisası üzrə aparılır. Tədris yenidənhazırlanma təhsili üçün ayrıca yaradılan qruplarda, təkrar ali təhsildə isə müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir. Yenidənhazırlanma diplomu təklikdə qüvvədə sayılmır və mütləq ilk baza diplomu ilə birlikdə təqdim edilməlidir.S.Tanrıverdiyevin sözlərinə görə, son iki ildə UNEC-də tədris prosesində müasir texnologiyaların tətbiqi və tədrisin elektronlaşdırılması istiqamətində böyük layihələrin - vahid elektron idarəetmə platforması olan “Elektron Universitet Modeli”nin və EDUMAN sisteminin istifadəsinə başlanılıb ki, burada da əsas hədəf şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır. Mərkəzin direktoru bildirib ki, UNEC-də görülən bütün bu işlər əlavə təhsilə qəbul prosesində də əksini tapıb və 2014-cü ildən başlayaraq əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu prosesi tamamilə elektronlaşdırılaraq internet vasitəsilə həyata keçirilməyə başlanıb. Hazırda mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxs www.kabinet.unec.edu.az linkinə daxil olmaqla özünə şəxsi kabinet açaraq tələb edilən sənədləri birbaşa oraya yükləyə bilər. Bu, həm vaxta qənaət edir – istənilən vətəndaşın əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib universitetə gəlməsinə ehtiyac qalmır, müvafiq sənədlər elektron formada göndərilir, həm də qəbul prosesinin tam şəffaf və obyektiv aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaratmış olur.İstər yenidənhazırlanma təhsili, istərsə də təkrar ali təhsil almaq üçün müraciət edənlərin sənədlərinin qəbulu və emalı üçün UNEC-in rektorunun sədrliyi ilə xüsusi “Sənəd qəbulu komissiyası” fəaliyyət göstərir. Müraciət edənlərin baza diplomları həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndərilir. Yenidənhazırlanma təhsili almaq üçün müraciət edənlərin baza təhsili diplomlarının uyğun olub-olmaması ilə bağlı müvafiq qaydada yoxlamalar aparılır və fənn fərqi imkan verən şəxslərin yenidənhazırlanma təhsili almasına icazə verilir. Təkrar ali təhsildə də, həmçinin müraciət edənlərin baza diplomlarının həqiqiliyi ilə bağlı Təhsil Nazirliyinin razılığı əldə edildikdən sonra həmin şəxslər tələbələr sırasına qəbul edilmiş olurlar. Bu gün əmək bazarında əsas maraq doğuran ixtisaslardan olan maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı ixtisaslarında təhsil almaq üçün daha çox müraciət qeydə alınır. Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək. Hazırda sənədlər sistemə yükləndikcə, komissiya mütəmadi olaraq məlumatların emalını həyata keçirir. Sentyabrın 10-dan sonra nəticələr açıqlanacaq. 

Xatirə Cəfərova

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay