Türkiyənin Hacettepe Universitetində Azərbaycan Milli Qida Texnologiyaları Platformasının VI iclası keçirilib.
Türkiyə - Azərbaycan Universitetinin təşəbbüsü ilə təşkil olunan tədbir qida sənayesi, qida mühəndisliyi və qida texnologiyaları sahələrində universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, innovativ elmi-tədqiqatların təşviqi və təhsil-istehsal inteqrasiyasının inkişafına həsr olunub.
Platformanın iclasında Azərbaycanın 5 ali təhsil müəssisəsi iştirak edib. Tədbirdə UNEC-i Laboratoriyaların İşinin Təşkili Mərkəzinin direktoru, dosent Ramil Sadıqov və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Azər Hüseynov təmsil ediblər.
Tədbir çərçivəsində Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının rəhbəri, professor Ali Topcu ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı qida mühəndisliyi və biotexnologiya istiqamətlərində elmi-tədqiqat və akademik əməkdaşlıq imkanları müzakirə olunub.
Platformanın iclasında Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının strukturu, tədris prosesi, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat edilib.
Sonra iştirakçılar universitetin elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar, burada aparılan aktual tədqiqatlar, icra olunan milli və beynəlxalq layihələr, doktorantura və dissertasiya işləri barədə məlumatlandırılıblar.
Müzakirələr zamanı qida mühəndisliyi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları diqqət mərkəzində olub. İştirakçılar ali təhsil müəssisələri arasında elmi və akademik əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar, eləcə də tədris proqramlarının müasir qida sənayesinin tələblərinə uyğunlaşdırılması, praktiki yönümlü fənlərin payının artırılması və laboratoriya məşğələlərinin təkmilləşdirilməsini zəruri hesab ediblər.
Proqramın yekununda birgə elmi-tədqiqat layihələrinin təşviqi, professor-müəllim heyəti və tələbələr üçün akademik mübadilə proqramlarının genişləndirilməsi, müasir laboratoriya avadanlıqları və innovativ texnologiyalar üzrə birgə təlim və seminarların təşkili, eləcə də universitet-sənaye əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Qeyd olunub ki, Hacettepe Universitetinin Qida Mühəndisliyi bölməsi ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi UNEC-lə yanaşı, digər ali təhsil müəssisələri arasında elmi-tədqiqat, tədris və innovasiya fəaliyyətlərinin gücləndirilməsində, beynəlxalq təcrübənin öyrənilməsində və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacaq.