UNEC-in Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi dünyanın və Azərbaycanın iqtisadi inkişafı kontekstində rəqəmsal iqtisadiyyat və innovativ təhsil məsələləri üzrə ekspertləri bir araya gətirmək, elmi təşkilatlar və biznes strukturları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməkdir.
Dəyirmi masada Azərbaycan, Türkiyə, Yunanıstan, İtaliya, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Moldova, Ukrayna və Gürcüstandan olan elm adamları iştirak edib. Sessiyada rəqəmsal iqtisadiyyatın inkişafı, təhsilin rəqəmsal transformasiyası, universitetdə tədris və idarəetmədə süni intellektin tətbiqi, təhsildə kibertəhlükəsizlik və rəqəmsallaşmanın sosial-iqtisadi təsirləri kimi aktual mövzular müzakirə olunub.
Dəyirmi masanın açılışında çıxış edən RİM-in direktoru dosent Mənsur Bərxudarov tədbirdə 11 ölkədən mövzu üzrə alim və ekspertlərin iştirak etdiyini bildirib. O, tədbirə 70-ə yaxın məqalənin daxil olduğunu və materialların kitab şəklində dərc olunacağını diqqətə çatdırıb, dəyirmi masanın işinə uğurlar arzulayıb.
UNEC rektoru professor Ədalət Muradov çıxışında universitet təhsilinin rəqəmsallaşdırılması, süni intellektin tədris prosesinə tətbiqi, innovativ təhsil modelləri və bu istiqamətdə universitetin gələcək planları haqqında məlumat verib. Rektor bildirib ki, bu yanaşmalar tələbələrin öyrənmə prosesinə daha fəal cəlb olunmasına, biliklərin möhkəmləndirilməsinə və müstəqil öyrənmə bacarıqlarının inkişafına imkan yaradır: “Süni intellekt təhsilin fərdiləşdirilməsini sürətləndirəcək və tələbələrə mühazirələr üzrə istənilən suallara cavab tapmaq imkanı verəcək.”
Rektor, həmçinin, universitetdə tələbələrin əlavə bacarıqlar qazanması üçün yaradılmış Minor proqramlarına diqqət çəkib: “Əsas təhsil proqramları ilə yanaşı, tələbələrimiz əlavə mikrokvalifikasiyalar əldə edə bilirlər ki, bu da ömürboyu təhsil və fərdi inkişaf imkanlarını genişləndirir. UNEC-də tətbiq olunan MİNOR proqramı tələbələrimizə öz sahələri ilə yanaşı, müxtəlif fənlər üzrə əlavə bacarıqlar qazanmaq və sertifitak əldə etmək imkanı yaradır. Eləcə də uzun müddətdir tətbiq etdiyimiz Universitet Daxili İkili Diplom Proqramımızdan məzun olan tələbələrim iki fərqli ixtisas üzrə iki bakalavr diplomu qazanırlar. UDİD proqramından indiyədək 15 tələbəmiz məzun olub, hazırda isə 42 tələbə bu proqram üzrə təhsil alır”.
Ali təhsilin əsas məqsədi ilə bağlı fikirlərini bölüşən rektor deyib: “Universitetlərin missiyası əmək bazarının tələblərinə uyğun mütəxəssis yetişdirmək deyil, biz düşünən, məsuliyyətli və milli dəyərlərə sadiq fərdlər yetişdirməliyik.”
Ədalət Muradov ölkəmizin rəqabət üstünlüklərinə də diqqət çəkib: “Ənənəvi və milli dəyərlər baxımından Azərbaycan xalqı rəqabətə davamlıdır. Biz bu üstünlüklərdən istifadə edərək, yenilikləri təhsil sistemimizə uğurla inteqrasiya edəcəyik. Əminəm ki, UNEC yeni təhsil konfiqurasiyasında özünə layiq yer tutacaq”, - deyə rektor bildirib.
Beynəlxalq dəyirmi masa məruzələrlə davam edib.
RİM-in dekanı dosent Mənsur Bərxudarov “Rəqəmsal sahibkarlıq elm və təhsil kontekstində”, Türkiyənin Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, professor Kerem Karabulut “Türkiyə və Azərbaycan XXI əsrdə: İqtisadiyyat və təhsil”, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Sahibkarlıq təhsili və biznes strukturlarının inkişafı”, Bolqarıstanın Veliko Tırnovo Universitetinin dosenti Nadejda Kostadinova “Rəqəmsal dövrdə turizm: yeni peşələr və bacarıqlar”, Moldova İqtisadi Araşdırmalar Akademiyasının professoru Oxrimenko Sergey Antonoviç “Rəqəmsallaşma proseslərinin kölgə aspektləri”, Gürcüstanın Tərəqqi Araşdırmaları İnstitutunun direktoru, professor Nino Papacashvili “Təhsil texnologiyaları 4.0 və 5.0 Sənayelərinin birgə inkişaf kontekstində: diskursiv təhlil vasitəsilə təhsil siyasətinin yenidən düşünülməsi”, UNEC Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Fuad Qasımov “Müasir dövrdə süni intellektin və rəqəmsal texnologiyaların təhsil və idarəetmə sistemlərinin transformasiyasında rolu”, İtaliyanın Sannio Universitetinin, Benevento, professoru Guido Migliaccio “Rəqəmsal iqtisadiyyatda biznesin səmərəliliyi: Estoniya, Almaniya və İspaniya arasında beynəlxalq müqayisə” mövzularında maraqlı təqdimatlarla çıxış ediblər.
Tədbirin ikinci hissəsində Yunanıstanın Qərbi Makedoniya Universitetin alimi, iqtisad elmləri doktoru Evangelos Siskos “İnnovativ təhsil: Avropa təcrübəsi”, Daşkənd Dövlət İqtisad Universitetinin professoru Raya Karlibayeva “Rəqəmsal iqtisadiyyatın inkişafının amili:innovativ təhsil, İtaliyanın Peqaso Telematik Universitetinin iqtisad elmləri doktoru Sabrina Luçilla Barone “Hibrid təhsil modelləri dayanıqlı universitet müəllimliyi”, Moldovanın Milli İqtisadi Araşdırılmalar mərkəzinin professoru Tatyana Qutyum “Moldovada enerji həssaslığının qiymətləndirilməsində rəqəmsallaşmanın rolu”, Xarkov Milli Aerokosmik Universitetin (Ukrayna) nümayəndəsi Tatyana Kalinesku “Ukraynanın müasir inkişaf şəraitində sosial sığorta informasiya sisteminin təkmilləşdirilməsi” mövzularında çıxışları ilə davam edib.
Çıxışlardan sonra ümumi müzakirələr aparılıb, təkliflər səsləndirilib. Rəqəmsallaşma, süni intellekt və innovativ təhsil modellərin tətbiqinin ali təhsildə təhsilalanların fərdi inkişafında, təhsilin keyfiyyətinin yüksəldilməsində və beynəlxalq əməkdaşlığın güclənməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.