Cari ilin yanvar ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi göstəricilərin metrik indikatorlar əsasında beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və strateji qərarların elmi əsaslarla qəbul edilməsi məqsədilə Elsevier şirkətinə məxsus SciVal analitik platformasının tətbiqinə başlanılıb.
Bununla əlaqədar olaraq, UNEC Elmmetrika şöbəsinin təşkilatçılığı ilə universitet nümayəndələri üçün Elsevier şirkətinin təmsilçisi tərəfindən SciVal analitik platformasının tətbiqinə dair təlim keçirilib.
Təlim zamanı Elsevier şirkətinin nümayəndəsi Saida Sak tərəfindən Scopus bazası əsasında fərdi elmi fəaliyyətin təhlili, eləcə də dissertasiya və ya tədqiqat layihələri üçün aktual (trend) mövzuların seçilməsi SciVal platforması üzərindən əyani şəkildə nümayiş etdirilib. Həmçinin, dünyanın müxtəlif ölkələrindən potensial akademik və sənaye əməkdaşlıq tərəfdaşlarının müəyyənləşdirilməsi, eləcə də nəşr üçün uyğun elmi jurnalların seçilməsi imkanları iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, keçirilən təlim UNEC-də elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılması, beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və elmi nəticələrin keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təlim iştirakçıları əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə gələcək elmi fəaliyyətlərini daha effektiv şəkildə planlaşdıra biləcəklər.