Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) son illərdə beynəlxalq təhsil məkanında öz mövqeyini xeyli gücləndirib və dünyanın aparıcı universitetləri ilə genişmiqyaslı əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələr UNEC-in qlobal təhsil sisteminə inteqrasiyasını sürətləndirir, tələbə və müəllim mobilliyini artırır, elmi tədqiqat imkanlarını genişləndirir və universitetin beynəlxalq reytinqlərdə mövqelərini yüksəltməsində mühüm rol oynayır. Bu gün UNEC tərəfindən dünyanın müxtəlif regionlarında yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq şəbəkəsi UNEC tələbələrinin dünya səviyyəli təcrübə qazanmasına, müəllimlərin isə beynəlxalq akademik mühitdə fəaliyyət göstərməsinə şərait yaradır.
UNEC-in əməkdaşlıq etdiyi universitetlər yalnız tədris sahəsində deyil, həm də elmi tədqiqat və innovasiya yönümlü layihələrdə birgə fəaliyyət göstərirlər. İqtisadiyyat, menecment, rəqəmsal transformasiya, maliyyə və məlumat analitikasına dair ortaq elmi layihələr həyata keçirilir. UNEC alimləri dünyanın nüfuzlu elmi konfranslarında iştirak edir, beynəlxalq jurnallarda ortaq məqalələr dərc olunur.
UNEC beynəlxalq mobilliyin genişlənməsinə strateji əhəmiyyət verir. Hər il yüzlərlə UNEC tələbəsi Avropa, Asiya və ABŞ universitetlərində semestrlik təhsil alır, müəllimlər isə qısa müddətli tədris və tədqiqat proqramlarında iştirak edirlər. Bu proses həm akademik təcrübə mübadiləsinə, həm də qlobal təhsil standartlarının UNEC-də tətbiqinə böyük töhfə verir.
UNEC-in dünyanın aparıcı universitetləri ilə qurduğu əməkdaşlıq əlaqələri onun beynəlxalq nüfuzunu artırır, tədris və tədqiqat keyfiyyətini yüksəldir, tələbələrə qlobal təhsil imkanları təqdim edir. Bu strateji istiqamət UNEC-i regionun ən innovativ və beynəlxalqlaşmış iqtisad universitetlərindən birinə çevirir.
Əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun rəhbərliyi ilə UNEC nümayəndə heyəti Malayziyaya səfər edib. Məqsəd bu ölkənin universitetləri ilə əməkdaşlığı dərinləşdirmək və əməkdaşlığa dair əldə olunmuş əməkdaşlıqları rəsmiləşdirməkdir.
Səfərin ilk günü nümayəndə heyəti Nilai şəhərində yerləşən İNTİ Beynəlxalq Universitetində olub, ali təhsil müəssisəsinin kampusu ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə edilib və yekunda müvafiq Memorandum imzalanıb. İNTİ universiteti ilə françayzing, birgə tədqiqatlar üçün birgə qrant layihələri, İNTİ-nin tətbiq etdiyi amerikan degree transfer modelini UNEC-də tətbiq edəcək, İNTİ-də və UNEC-də birgə konfranslar, UNEC tələbələri üçün çox güzəştli şərtlərlə mübadilə proqramı həyata keçirəcəklər.
UNEC-in Cənub-şərqi Asiya ölkələrinin universitetlərilə əməkdaşlığı genişləndirmək hədəflərinə uyğun olaraq Malayziyanın Nilai şəhərində növbəti müzakirə Nilai Universitetilə aparılıb. Nümayəndə heyəti Nilai universitetinin kampusu ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə edib və yekunda müvafiq Memorandum imzalanıb.
Növbəti gün isə Tunku Abdul Rahman Universitetinin (universitet Malayziyanın ilk Baş nazirinin adını daşıyır) prezidenti, professor Eve Hong Tat ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu universitet QS-də 791-800-cü, THE-də 1001-1200-cü yerdədir. Bir sıra sahələrdə razılıq əldə olunub. Xüsusilə, Rəqəmsal iqtisadiyyat, Oyun dizaynı kimi proqramların hər iki tərəf üçün maraq kəsb etdiyi vurğulanıb. Birgə tədqiqat mərkəzinin yaradılması, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, UNEC-də ortaq institutun yaradılmasını da hədəflər kimi müəyyən edilib. Müzakirələrin sonunda müvafiq Memorandum imzalanıb. Növbəti müzakirələr QS Qlobal Reytinqdə dünyada 269-cı olan Malayziyanın UCSI Universitetində aparılıb. Universitetin kampusları və laboratoriyalarına baxılıb. Müəyyən edilən məqsədlərə uyğun olaraq müvafiq məsələlərdə razılığa gəlinib. Biznes təhsili və tədqiqatlar sahəsində, eləcə də ortaq institutun yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirmək qərarına gəlinib. Ən qısa vaxtda UCSI Universiteti ilə Bakıda görüşmək və müzakirələri tamamlamaq razılığı əldə olunub.
Malaziyaya səfər çərçivəsində rektor Ədalət Muradov AppliedHE (Applied Higher Education) tərəfindən təşkil olunan Forumda UNEC haqqında təqdimatla çıxış edib. Professor Cənub-Şərqi Asiyanın 21 ölkəsindən 250-dən artıq nümayəndəsi qarşısında UNEC-in uğurlarını bölüşüb. Forumda Ədalət Muradov 10 ölkədən olan həmkarları ilə görüşüb və faydalı müzakirələr aparıb.
UNEC rektorunun sözlərinə görə, forumda iki fərqli paneldə UNEC adına çıxış edib: "Forumda bir-birindən maraqlı fikirlər səsləndirildi. Məsələn, "Malayziyanın SUNWAY universiteti bir tədqiqatçıya düşən istinad sayına görə dünyada ikincidir", - "Universitetlər məzunlarla əlaqə qurmur, məzunlar universitetlə əlaqə qururlar" - "Reytinqlər zəhərlidir. Zəhərini diqqətlə seç!", - "Universitet reytinqləri lənəti: Onlarla yaşamaq çətindir, amma onlarsız da mümkün deyil" və s.".
Səfər çərçivəsində nümayəndə heyəti Malayziyada Asiya sakit Okean Texnologiya və İnnovasiya Universitetində (Asia Pacific University of Technology and Innovation - APU) olub və professor Ho Chin Kuan ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu universitetin 16000 tələbəsi var və onun yarısı xarici tələbələrdir. Kiber təhlükəsizlik üzrə Malayziyada və bütün regionda ən yaxşı universitetdir. Görüş zamanı APU-nun xarici tələbələrin cəlb edilməsi təcrübəsi öyrənilib. Birgə qrant layihəsi əsasında ortaq tədqiqatların aparılmasına, kiber təhlükəsizlik və süni intellekt üzrə ortaq proqramın açılmasına dair razılıq əldə olunub. Yekunda APU ilə Əməkdaşlığa dair Memorandum imzalanıb.
Ədalət Muradov bildirib ki, Malayziya universitetlərində keçirdikləri görüşlərdə, təhsil mütəxəssisləri ilə aparılan müzakirələrdə ali təhsilin gələcəyi ilə bağlı bu ölkədə ciddi müzakirələrin aparıldığının şahidi olub: "Bu müzakirələdə ən çox qabardılan bir sıra suallar diqqətimi çəkdi. Məsələn, süni intellekt universal olanda təhsil daha inklüziv olacaq, yoxsa bərabərsizliyi artıracaq? Süni İntellekt məzmunu ötürə bilirsə, universitetlər tədris müəssisəsindən problem həll edən instituta çevrilməlidirmi? Süni intellekt məqalə yaza və hətta plagiatı aşkar edə bilirsə, professorların gələcək rolu nə olacaq? Süni İntellekt araşdırma aparmaq, akademik dürüstlüyü qorumaq və bilik istehsalına etibar yaratmaq məsələlərini necə dəyişir? Təhsil süni intellektlə modernləşdirildi. Amma öyrənmə həqiqətən transformasiya edildi, yoxsa sadəcə köhnə metodlar rəqəmsallaşdırıldı? Universitetlər Süni İntellekt əsaslı qlobal dünyada mədəni kimliyi, müxtəlifliyi və yerli xüsusiyyətləri necə qoruya bilər? Gələcəyin universitetləri nə öyrətməsi ilə, yoxsa cəmiyyətin hansı problemlərini həll etməsi ilə müəyyən olunacaq? Ali məktəblər öz yeni kimliklərini necə düşünür? Onlar texnologiya istifadəçiləridir, iqtisadi mühərrikdir, yoxsa cəmiyyətə təsir göstərən institutlardır? Qlobal reytinqlər və akkreditasiyalar innovasiyanı, sosial dəyəri qiymətləndirməyə hazırdırmı? Qlobal mobillik və beynəlmiləlləşmə imkansız təbəqələr üçün necə əlçatan edilə bilər? Universitetlər yalnız akademik nəticələrə görə deyil, milli inkişafdakı töhfələrinə görə də qiymətləndirilməlidirmi?
Təhsilin və o cümlədən, ali təhsilin gələcəyi bütün dünyada təhsil mütəxəssisləri və təhsil menecerlərini çox düşündürür. Ciddi müzakirələr, yeni-yeni tədqiqatlar aparılır, konfranslar və forumlar təşkil edilir. Bu baxımdam Malayziya da istisna deyil. Ali təhsilin gələcəyi ilə bağlı bu ölkə universitetlərində və tanınmış mütəxəssislərlə apardığımız müzakirələrdə müşahidə etdiyimiz baxışlar və yanaşma maraqlı göründü və onların ali təhsilə baxışını ümumiləşdirməyə çalışdıq. Universitetlərin rəqəmsal transformasiya sonrasındakı gələcəyi onları çox maraqlandırır. Onların fikrinə görə, müzakirə predmeti universitetlərdə təkcə necə dərs demək deyil, həm də süni intellekt, qlobal mobillik dövründə universitetlərin niyə mövcud olmasıdır. Son 20 ildə universitetlər modernləşir: sinif otaqlarından LMS-lərə, taxta lövhələrdən ağıllı lövhələrə, dərsliklərdən çatbotlara keçir. Lakin bu dəyişikliklər səthi xarakter daşıyır. Öyrənmənin məqsədini və təcrübəsini dəyişmədən sadəcə köhnə təhsil modelinin rəqəmsallaşdırıldığını və bunun təhlükəli olduğunu vurğulayırlar".
Ədalət Muradov bildirib ki, indi Süni İntellekt mühazirə oxuya, məzmun yarada, tapşırıqları qiymətləndirə və fərdiləşdirilmiş tədris təqdim edə bilirsə, universitetlərin hələ də bilik ötürən qurumlar kimi qalması və yaxud daha fərqli bir təsisat olması məsələsinə aydınlıq gətirilməsi geniş müzakirə olunur: "Süni intellekt və rəqəmsal alətlərin yalnız formatı deyil, təhsilin kimliyini və məqsədini necə dəyişdirdiyini yenidən dərk etmək lazımdır. Süni intellekt ağıllıdır, amma insan deyil. O, empatiyanı, dürüstlüyü, təvazökarlığı, mədəniyyəti və mənəviyyatı öyrədə bilmir. Amma məsuliyyətli liderlik və qlobal vətəndaşlıq üçün məhz bu keyfiyyətlər vacibdir. Süni İntellekt təhsili həm demokratikləşdirə və həm də yeni bərabərsizlik yarada bilər - xüsusilə də imkansız, kənd yerlərində yaşayan və ya dil dəstəyi olmayanlar üçün. Süni intellekt dövründə təhsilin insani, inklüziv, mədəni cəhətdən mənalı və ədalətli qalması yolları geniş müzakirə edilir. Fikir səsləndirilir ki, Süni İntellekt bilik ötürülməsini səmərəli təmin edirsə, universitetin dəyəri artıq nə öyrətdiyində yox, tələbə və tədqiqatçıların hansı problemləri həll edə bilməsində ola bilər. Gələcəyin universiteti binaları, reytinqləri və diplomları ilə deyil, cəmiyyətə göstərdiyi real təsirlə müəyyən oluna bilər. 5-ci nəsil universitet modeli geniş müzakirə predmetidir. Çoxluğun fikri ondan ibarətdir ki, rəqəmsal transformasiyadan və Süni İntellektin tətbiqindən sonrakı universitetlər missiya yönümlü olmalıdır və bu, 5-ci nəsil universitet modelinin əsasıdır".