A

"525-ci qəzet"

MİLLƏT VƏKİLİ: "İMTAHAN SESSİYASININ DİSTANT FORMADA TƏŞKİLİ VƏ KEÇİRİLMƏ SƏVİYYƏSİNDƏN ÇOX RAZI QALDIM"

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019-2020-ci tədris ilinin yaz imtahan sessiyası başa çatıb.

Koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətə əsasən, UNEC-də semestr imtahanları distant formada şifahi və test üsulu ilə təşkil olunub. Distant imtahanlar virtual otaqlarda (studiyalarda) keçirilib.

UNEC-də tələbə biliyinin distant formada qiymətləndirilməsi dünya təcrübəsinə uyğun olaraq aparılıb. Distant formada keçirilən imtahan sessiyası zamanı obyektivlik və şəffaflığın təmin olunması üçün ciddi proktorinq sistemi (uzaqdan nəzarət sistemi) tətbiq olunub. Bununla yanaşı, tələbələrin imtahan proseslərinin videoqeydiyyatı da aparılıb. Tələbə apellyasiyaya müraciət etdiyi zaman həmin videogörüntüdə tələbənin imtahan prosesini təkrar izləmək mümkün olub. Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. UNEC rəhbərliyi səviyyəsində və hər bir fakültədə Virtual Qərargah formalaşdırılıb ki, burada qarşıya çıxan məsələlərin operativ həlli təmin edilib. Fakültələrdə Virtual İmtahan Qərargahlarında imtahanlara birbaşa nəzarət edən proktorlar, proktorinq sistemini tənzimləyən subadminlər, fakültələr üzrə təşkil edilən bütün imtahan sistemini nəzarətdə saxlayan koordinatorlar təmsil olunub.

İmtahan nəticələrinə görə apellyasiya sistemi əvvəlki kimi fəaliyyət göstərib. Tələbələr imtahan sessiyası ilə bağlı bütün müraciətlərini fakültələrin qaynar xətt "Facebook" səhifələrinə, elədə də "UNEC Qaynar xətt" "Facebook" səhifəsinə ünvanlayıblar. Müraciətlər vaxtında cavablandırılıb.

UNEC-in İmtahan Mərkəzinin direktoru Söhrab İsayevin sözlərinə görə, universitetdə bakalavr və magistr pilləsi üzrə əyani və qiyabi formada təhsil alan bütün tələbələr üçün ayrılıqda güzəştlər edilib. Bu güzəştlərdən biri bakalavr pilləsi üzrə əyani təhsil alan tələbələr üçün yaradılan şəraitdir: "Fənn üzrə ayrılmış dərs saatının 25 faizdən artığında iştirak etmədiyi təqdirdə onlar imtahana buraxılmırdılar. Mövcud vəziyyətlə əlaqədar bu, ləğv edilib.  Bu tələbələrə davamiyyətlə bağlı edilmiş güzəştdir. Biz tələbələrin davamiyyət qiymətini 10 bal olaraq qəbul etdik. Bakalavrlarımız qəbul etdiyi təqdirdə distant imtahanlarımızda iştirak etdilər. Distant imtahandan imtina edən tələbələr üçün avqust-sentyabr aylarında ənənəvi qaydada imtahan verə biləcəklər".

S.İsayevin sözlərinə görə, əgər tələbə hər iki formadan imtina edibsə, növbəti tədris ilində fənlərdən alt qruplara yazılmaqla ona növbəti dəfə imtahan vermək şansı veriləcək. Bundan başqa, tələblər bu imkanlardan ödənişsiz əsaslarla yararlanacaqlar.

Mərkəzin direktoru internet problemləri olan tələbələr üçün universitetin xüsusi addım atdığını da deyir: "İnternet imkanları olmayan tələbələrimizin imtahanlarda iştirakını təmin etmək üçün bizim tərəfimizdən onlara 5GB internet hədiyyə olaraq verilib".

O, əlavə edib ki, UNEC-də distant imtahan sessiyasının başlaması ilə əlaqadar virtual imtahan qərargahları yaradılıb. İmtahan sessiyası zamanı qarşıya çıxan məsələlərin operativ həlli məqsədilə yaradılan virtual qərargahlar həm fakültələr üzrə, həm də ümumi universitet üzrə fəaliyyət göstərib.

Qeyd edək ki, UNEC İctimai Nəzarət Şurasının üzvlərinin imtahan prosesini məsafədən izləməsi üçün lazımi şərait yaradılıb. Şura üzvləri sessiya boyu prosesi məsafədən izləyiblər.

Millət vəkili, UNEC-in İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev deyir ki, distant imtahan sessiyasını izləmək üçün ona göndərilən müvafiq linkə daxil olaraq imtahanları müşahidə edib: "Mən UNEC-də imtahan sessiyasının distant formada təşkili və keçirilmə səviyyəsindən çox razı qaldım".

UNEC İctimai Nəzarət Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, milli təcrübədə ilk dəfə İctimai Nəzarət Şurası üzvləri tərəfindən yazılı və şifahi distant imtahan sessiyasını onlayn izləmək imkanı əldə ediblər. Pandemiyanın distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdığını deyən Əliməmməd Nuriyev, İctimai Nəzarət Şurasının üzvlərinə UNEC-də distant imtahanları müşahidə etmək imkanı yaradıldığını yüksək qiymətləndirib.  Onun sözlərinə görə, prosesi izləmələri üçün İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri və müvafiq linklər göndərilib. Şura üzvləri yazılı və şifahi distant imtahan sessiyasını izləmək üçün müvafiq linkə daxil olmaqla, cədvəl üzrə istənilən vaxt imtahanları müşahidə edə biliblər: "UNEC-də distant imtahan sessiyası yüksək səviyyədə təşkil olunmuşdu. Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə bütün lazımi tədbirlər görülmüşdü".

Ə.Nuriyevin dediyinə görə, COVİD-19 pandemiyası yeni çağırışlar meydana gətirib, bunlardan biri də məhz bir çox sahələrdə hesabatlılıq və şəffaflığın təmin olunması, ictimai nəzarətin təşkili ilə bağlıdır: "Bu baxımdan UNEC təcrübəsi yeni çağırışlar fonunda adekvat və gələcəyə hesablanmış addım kimi dəyərləndirilməlidir. Artıq dünyada rəqəmsal, onlayn hesabatlılıq, onlayn iştirakçılıq məsələləri daha da aktuallaşıb, bu kontekstdə UNEC ölkəmizdə yeni təşəbbüsüylə ilk çığır açdı. Düşünürəm ki, bu addım ictimai nəzarətin təşkili ilə bağlı milli təcrübəmizi zənginləşdirəcək və onlayn formada, distant olaraq yeni ictimai nəzarət alətlərinin daha geniş tətbiqinə impuls verəcəkdir".

Millət vəkili Hikmət Məmmədov isə pandemiyadan öncə də UNEC-də distant təhsil təcrübəsinin olduğunu və distant təhsilin tətbiqi zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin ölkənin ali təhsil müəssisələri arasında öndə olduğunu bildirib. O, UNEC-in bu istiqamətdə təcrübəsinin təhsilimizə yeni keyfiyyət qazandıracağını deyib: "Mən UNEC-də tədrisin və imtahan sessiyasının distant formada təşkil olunmasını yüksək qiymətləndirirəm. Mən daim imtahan prosesini izləyib, gedişatla yaxından tanış oldum. Ümumi vəziyyət məni çox qane etdi".

Təhsil eksperti Məlahət Mürşüdlü isə UNEC-in hər zaman olduğu kimi, mövcud durumda da məqsədyönlü addımlar atdığını deyib. UNEC-də distant imtahan sessiyası zamanı şura üzvləri tərəfindən mütəmadi olaraq müşahidələr apardıqlarını deyib: "Hər il olduğu kimi, bu il də UNEC-də yay imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə bütün müvafiq tədbirlər görülmüşdür".

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay