Hər bir gəncin həyatda, fəaliyyətdə qazandığı nailiyyət yalnız onun “uğur hekayəsi” deyil. Bu, bir örnək kimi təbliğ olunmalı, digər gənclər üçün motivasiya nümunəsi kimi səciyyələnməlidir.
Bu gün qürur hissi ilə demək olar ki, Azərbaycanda “uğur hekayəsi”nin müəllifi olan yetərincə gənc var. Onlardan biri də ictimai fəallığı ilə daim diqqət çəkən gənc bəstəkar, vokalçı və iqtisadçı Aslan Əzimzadədir. Xoş təsadüfdür ki, bu gün - 2 fevral Gənclər Günü onun 18 yaşı tamam olur. Yaşının az olmasına baxmayaraq, artıq istedadlı gənc kimi tanınır. İdealı isə Azərbaycanın əfsanəvi bəstəkarı, ölməz sənətkar Müslüm Maqomayevdir. Elə çoxları ona “gənc Müslüm” deyir. Həm səs tempi, həm də xaraktercə onunla oxşarlıqları var.
Aslanla söhbətimiz maraqlı alındı. İstər danışığı, istərsə də davranışı yaşını xeyli ötüb keçmişdi. Yəqin, elə buna görədir ki, gənc yaşında artıq mühüm uğurlara imza atıb. 2007-ci ildə 33 nömrəli Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, sonradan məktəbdə vokal və dirijorluqdan təhsil almağa başlayıb.
Aslan Əzimzadə uğurlarının təməlində “İrəli” İctimai Birliyindəki fəaliyyətinin olduğunu deyir: “2012-ci ildə birliyə qoşuldum və müxtəlif layihələrdə iştirak etdim. Müslüm Maqomayevin 70 illik yubiley tədbirində oxuyarkən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin diqqətini çəkdim. Məni ilk dəfə orada tanıdılar. Sonra bu mərkəzdə solist kimi fəaliyyət göstərməyə başladım. “İrəli”də olarkən Azərbaycan Gənclərinin Birinci Liderlik Forumunda da iştirak etdim. Həmçinin “Gənc liderlər üçün qış universiteti” layihəsinə qatıldım. Bunlar mənim üçün böyük uğurlar idi. Həmin layihələr çərçivəsində xeyli bilgi və dost qazandım”.
Gənc vokalist 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti idarə heyətinin üzvü seçilir. Elə həmin il təhsil aldığı orta məktəbə “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsinin keçiriləcəyi barədə məlumat gəlir. O, bu müsabiqəyə qatılır və mahnı kateqoriyası üzrə birinci yerə layiq görülərək qızıl medalla mükafatlandırılır. Gənc ifaçı sonrakı fəaliyyətini belə şərh etdi: “2014-cü ildə bəstəkar Bikə Axundovanın sinfində bəstəkarlıq dərsləri almağa başladım. Bir neçə əsər bəstələdim. Bunlar viola və fortepiano üçün vals, Vaqif Mustafazadəyə həsr olunmuş fantaziya və digər bəstələrdir. Həmin il Niyazi adına 22 saylı Uşaq Musiqi məktəbindən mənə təklif gəldi ki, xalq çalğı alətləri orkestrinə vokalist lazımdır. Təklifi qəbul etdim və bu orkestrdə oxumağa başladım. Elə oldu ki, pianoçuları çatışmadı, orada həm də piano ifa etdim. Beləcə, xalq çalğı alətləri orkestrində inkişaf etməyə başladım. Həmin vaxt müxtəlif xalq mahnıları üzərində işlədim, muğamın şöbələrini və ərəb musiqilərini, ritmlərini öyrəndim”.
Aslan 2014-cü ildə Anadolu Dil və Mədəniyyət Mərkəzinin Heydər Əliyev Sarayında təşkil etdiyi “Dil və mədəniyyət” festivalında da iştirak edib. Həmçinin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində solo konsertini verib. Bu konsert uğurla başa çatandan sonra o, konservatoriya bəstəkarları ilə işləməyə başlayıb: “Bu ərəfədə Rusiyanın Azərbaycandakı səfirliyi bizi Moskvaya - “Salam Rusiya” layihəsinə göndərdi. Bu layihə çərçivəsində Moskvaətrafı bölgələrə bir-bir ekskursiya etməli idik. Orada Estoniya, Livan, Bolqarıstan, Sloveniya və Azərbaycan təmsilçiləri iştirak edirdilər. Yarışlar zamanı əcnəbilər istədilər ki, Azərbaycan mədəniyyəti ilə rəqabət aparsınlar. Amma alınmadı. Biz qalib gəldik. Çünki hansı ölkəyə getsən, orada Azərbaycan mədəniyyətinin etnogenetik xüsusiyyətlərini görmək mümkündür. Bu yarışmada qalib gəldiyimizə görə digər iştirakçılar bizdən solo konsert verməyi istədilər. Məndən başqa səhnəyə heç kim çıxmadığına görə orada ikinci solo konsertim baş tutdu. Konsert böyük anşlaqla qarşılandı”.
Aslan deyir ki, əslində 3-cü sinifdə musiqi məktəbinə gedəndə musiqiyə heç bir həvəsi olmayıb. Bu sahəyə maraq onda sonradan yaranıb. Oxuduğu məktəbin prinsipi isə belə idi: birinci sinifdə xorda olursan, əgər yaxşı oxuyursansa, 2 və yaxud 3-cü sinifdə xüsusi xora yazırlar. Aslan da məhz 2-ci sinifdən xüsusi xorun solisti olur. Davamlı məşqlər vasitəsilə səsi opera stilinə oturur: “Mənə deyirlər ki, sən Müslüm deyilsən, amma səs tembrin ona çox yaxındır. Əlbəttə, Müslüm təkrarolunmaz sənətkardır. Amma o, İtaliya müğənnisi Çito Qobbiyə qulaq asıb olmuşdu Müslüm. Mən də Müslümə qulaq asıb olacam Aslan. Məni Müslümə oxşatmaq çox şişirtmədir. Müslüm hara, mən hara... Müslüm Maqomayevi ona görə xoşlayıram ki, o, İtaliyada belkanto təhsili almış yeganə vokalist idi. Həm də Müslümdə əsl kişi xarakteri vardı, sadə insan idi. Həmçinin səs tonum Müslümə daha yaxın olduğuna görə onu özüm üçün ideal seçmişəm”.
Gənc vokalist ötən il daha bir uğur qazanıb. Belə ki, hər kəs onun konservatoriyaya qəbul olunacağını gözlədiyi halda, Aslan Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə yüksək balla daxil olur. Hələ birinci kurs tələbəsi olmasına baxmayaraq, artıq “Azərbaycanda iqtisadi artımın əsas faktoru” adlı bir elmi məqalə də yazıb. Onunla söhbət zamanı məlum oldu ki, incəsənət sahəsi ilə yanaşı, iqtisadi bilikləri də yetərlidir. Dediyinə görə, hər iki fəaliyyət sahəsini paralel inkişaf etdirmək fikrindədir: “Musiqi sənəti ilə hər gün məşğul oluram. Barmaqlar və səs telləri əzələ kimi bir şeydir, işlətməsən, paslanar”.
Fürsət tapıb dünyada gedən iqtisadi proseslər barədə də söhbətləşdik. Gənc iqtisadçı Azərbaycanın devalvasiya dalğasından özünü sığortalayacağına əmin olduğunu dedi: “Mövcud maliyyə ehtiyatlarımız imkan verəcək ki, dünyada yaranmış böhran vəziyyətindən maksimum zərərsiz çıxaq. Ölkəmizin qeyri-neft sektorunda inkişaf göz önündədir. Məsələn, 2015-ci il “Kənd təsərrüfatı ili” elan olundu, nəticədə kənd təsərrüfatı sahəsi inkişaf etdi. 2014-cü il “Sənaye ili” oldu, sənaye sahəsinə kapital qoyuluşu xeyli artdı. Orbitə iki peykimiz buraxıldı. Bunlar hamısı son illərdə qeyri-neft sektorunda görülən işlərdir. Bu gün ölkədə devalvasiyanın olması isə həm də onu göstərir ki, artıq Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada gedən proseslər ona da təsir göstərir”.
Dövlətin gənclərə dəstəyindən danışan Aslan Əzimzadə Azərbaycanda savadlı kadrlara hər yerdə iş olduğunu bildirdi: “Ölkədə həmişə gənclərə dəstək var. Məsələn, “Ana dilimizi sevək, sevdirək” layihəsini Təhsil Nazirliyi təşkil etmişdi. Belə bir layihə olmasaydı, mən də orada birinci yerə çıxmazdım. Müəyyən dövlət tədbirləri var ki, orada əsasən gənclərin çıxış etməsini istəyirlər. Ona görə də belə tədbirlərə tez-tez dəvət alıram. Dövlət dəstəyi olmasa, indi gənclər uğurla addımlaya bilməz. Çünki biz gənclər düşünürük ki, arxamızda bizi dəstəkləyən dövlətimiz var”, - deyə Aslan Əzimzadə əlavə etdi.İstedadlı gənc sonda həmkarlarına müəyyən tövsiyələr verdi. Dedi ki, əsas odur gənclər çətinlikdən qorxmasınlar: “Bəzən gənclər çətinliyi görən kimi geri çəkilirlər. Amma sona qədər bu çətinliyin üzərinə getmək lazımdır. Mübarizədən sonra əldə olunan nailiyyət adama böyük həzz verir. Gənclər gördükləri işin mahiyyətini, fəlsəfəsini başa düşsələr, heç vaxt yanılmazlar”.Qeyd edək ki, Aslan Əzimzadə mart ayında üçüncü solo konsertini verməyə hazırlaşır. Aslana gələcək fəaliyətində yeni nailiyyətlər arzulayırıq.
Elgün MƏNSİMOV, “Azərbaycan” qəzeti