Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsi, fakültə üzrə Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən forumda məzunlar birliyinin yaradılması, həmçinin məzunlarla universitet arasında əlaqələrin möhkəmləndirilməsi, məzunların karyerasına töhfə vermək məqsədilə təşkil olunub.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı dosent Elçin Eyvazov UNEC-100 inkişaf strategiyası barədə məlumat verərək bildirdi ki, məzunlar birliyinin yaradılması universitetdə qarşıya qoyulmuş əsas hədəflərdən biridir. Bu məqsədlə məzunların universitetlə əlaqələri təmin olunmalı, intensiv şəkildə məzunlarla görüşlərin təşkil olunmasının vacibliyini vurğulayıb.
UNEC Karyera Mərkəzinin direktoru Aytac Rzayeva Məzunlar Assosiasiyasının fəaliyyəti barədə, həmçinin təsdiq olunmuş tədbirlər planı ilə məzunları tanış edib.
Sonra UNEC-dən müxtəlif illərdə məzun olmuş Kubra Əliyarlı, Elvin Bədirov, Uğur İsmayılov, Nurlan Suvarlı, Yusif Məmmədzadə, Yusif Cəfərbəyli, Vətən müharibəsi iştirakçısı Rüstəm Kərimov çıxış ediblər. Onlar son illərdə sürətlə inkişaf edən universitetin, dünyanın bir çox ölkələrində tanınan UNEC brendinin onların karyera uğurlarına açdığı imkanlardan, doğma təhsil ocağı ilə bağlı xatirələrindən danışıb, tələbələrlə öz təcrübələrini bölüşüb.
Sonda fakültə üzrə məzun assosiasiyasının sədri Zeynəb Qiyasova hesabat məruzəsi ilə çıxış edərək məzunlar birliyinin fəaliyyəti, görülmüş işlər barədə məlumat verdi.
Forum sual-cavab formatında davam edib.
Qeyd edək ki, UNEC Məzunlarının İqtisadiyyat və idarəetmə fakültəsi üzrə assosiasiyasının ənənəvi forumunun hər il may ayının sonuncu həftəsi təşkil olunması nəzərdə tutulur.