A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi dərs keçirilib.

Dərs Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dərsi giriş sözü ilə fakültə dekanı dosent Hafis Hacıyev açaraq, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını, bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalaraq, torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb. O xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən qələbənin əbədiləşdirilməsi məqsədilə ölkə başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şuşa şəhərinin azad edildiyi tarixin - noyabr ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

“Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova “8 Noyabr – Zəfər Günümüzdür” mövzusunda geniş təqdimatla çıxış edib. C.Həsənova Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin torpaqlarını 30 illik erməni işğalından azad edərək, ərazi bütövlüyünü təmin etdiyini, 8 noyabr tarixində Ordumuzun həyata keçirdiyi unikal hərbi əməliyyat nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtı qədim Şuşa şəhərinin işğaldan azad edildiyini, müharibədə məğlub olan Ermənistanın 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur olduğunu vurğulayıb. Həmçinin  bu ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun bərpa edildiyini qeyd edib.

Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR