A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi, Ümumi fənlərin tədrisinin təşkili departamenti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb, 20 Yanvarın Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün və böyük bir prosesin başlanğıcında əsaslı dönüş nöqtəsi olmasını bildirib.

“Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova Azərbaycan xalqının azadlıq mübarizəsi, 20 Yanvar faciəsini şərtləndirən amillər, onun nəticələri, SSRİ rəhbərliyinin cinayətkar əməllərindən danışıb, bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu nəzərə çatdırıb.

Sonra tələbələr 20 Yanvar hadisəsi haqqında fikirlərini bildirib və müstəqilliyin gənc nəsil üçün müqəddəs miras olduğundan, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açıblar.

Tədbirdə UNEC Yaradıcılıq mərkəzinin üzvləri 20 Yanvar faciəsinə həsr edilən şeirlər səsləndiriblər.

Sonda 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay