A

UNEC-də Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.

UNEC-in bütün fakültə, məktəb və mərkəzlərində Xocalı soyqırımına həsr olunan dəyirmi masalar, seminarlar və xüsusi dərslər təşkil olunub. Tədbirlərdə çıxış edənlər Xocalı soyqırımı haqqında tarixi faktlara əsaslanan məlumatları açıqlayıblar, faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan olduğunu bildiriblər və soyqırımının qiymətləndirilməsi prosesindəki tarixi ədalətsizlikdən söz açıblar. 

Tədbirlərdə xalqımızın 32 il qəlbində daşıdığı bu qanlı cinayətin qurbanlarının ruhlarının bu gün şad olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizləndiyi, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını qürurla ucaltdığı vurğulanıb.

UNEC-də Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi də təşkil edilib. Sərgidə UNEC Dizayn Məktəbinin tələbələrinin Xocalıya həsr etdiklər rəsm əsərləri nümayiş olunub.

UNEC kollektivi soyqırımın 32-ci ildönümündə “Ana harayı” abidəsini ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramlar yad ediblər.

UNEC-in bütün tədris binalarının dəhlizlərində yerləşdirilmiş monitorlarda Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olunub. UNEC muzeyində və kitabxanalarında Xocalı soyqırımını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Radio UNEC-də efirə gedən “Azərbaycanım” proqramının 26 fevral tarixli buraxılışı Xocalı soyqırıma həsr olunub. Proqramda dinləyicilərə Xocalı şəhərinin tarixi barədə məlumat verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay