A

UNEC-in Mühəndislik fakültəsində professor-müəllim və tələbə heyətinin iştirakı ilə işğaldan azad olunmuş torpaqların coğrafiyası, təbii ehtiyatları və ekoloji vəziyyətinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” və bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən danışıb.

Daha sonra təqdimatla çıxış edən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti İlqar Xəlilov Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş mövzulara uyğun olaraq, işğal nəticəsində Azərbaycanın təbii sərvətlərinin dağıdılması barədə məlumat və faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 O, həmçinin işğaldan azad edilmiş bölgələrin coğrafiyası, zəngin təbiəti, faydalı qazıntıları haqqında danışaraq, ölkəmizdə 2024-cü ilin noyabrında keçiriləcək COP 29 konfransı ilə əlaqədar olaraq işğal altında olmuş torpaqlarda ekoloji terrora aid məsələnin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bəsitçay qoruğu, Laçın yasaqlığı barədə də məlumat verdikdən sonra dos.İ.Xəlilov qeyd edib ki, Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərib və Ermənistanın hərbi təcavüzü nəticəsində respublikanın 17 min kv.km ən məhsuldar torpaqları işğal olunmuşdu.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR