Azərbaycan xalqının iradəsi, birliyi və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində qazandığımız möhtəşəm Zəfər Gününün 4-cü ildönümü münasibətilə UNEC-in Xarici Dillər Departamentinin təşkilatçılığı ilə "Salam, xarı bülbül" adlı tədbir keçirilib.
UNEC-in professor-müəllim heyəti ilə yanaşı, digər qonaqların da iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Xarici Dillər Departamentinin direktoru dosent Aysel Xəlilova açılışda çıxış edərək, “Salam, xarı bülbül” tədbirinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz sayəsində əldə edilmiş qələbəyə və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsinə hörmət və minnətdarlıq əlaməti olaraq təşkil edildiyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, xalq artisti Nurəddin Mehdixanlı, Maliyyə və mühasibat, Mühəndislik, İqtisadiyyat və idarəetmə, Biznes və menecment fakultələrinin, UNEC Dizayn Məktəbinin tələbələri Zəfər Günü ilə bağlı çıxış ediblər. Tələbələr şanlı Zəfərə həsr olunan şeirlər söyləyiblər və musiqi parçaları ifa ediblər.
Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Zəfər Günü ilə bağlı rəsm əsərləri sərgilənib. Fakültənin tələbəsi Kubra Əliyeva isə tədbir zamanı çəkdiyi "Dəmir yumruq" rəsmini iştirakçılara nümayiş etdirib.
Tədbirdə iştirak edən şəhid anaları və qazi Elmin Məmmədov Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər.