A

UNEC Dizayn Məktəbinin Məzun Assosiasiyası tərəfindən məzunlarla növbəti görüş keçirilib.

Məzun Assosiasiyasının üzvləri, UNEC Dizayn Məktəbinin tələbələri və “Dizayn” kafedrasının professor-müəllim heyəti bu dəfə fakültənin məzunları olan, hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun böyük mütəxəssisi vəzifəsində çalışan Səbinə Nuruzadə və Gəncə şəhərində sahibkarlıq fəaliyyəti göstərən Orxan Kazımovla görüşüblər.

Görüşdə Dizayn Məktəbinin Məzun Assosiasiyasının koordinatoru dos.Yeganə Ağamalıyeva assosiasiyanın yaradılmasının məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verib. Fakültə ilə məzunlar arasında əlaqələrin yaradılmasının, onlarla görüşlər keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra məzunlar Səbinə Nuruzadə və Orxan Kazımov tələbəlik dövrləri barədə xatirələrini bölüşüblər. S.Nuruzadə çalışdığı qurumun fəaliyyətindən söz açaraq, insanların həyat və sağlamlığının qorunmasında qida təhlükəsizliyinin rolu, qida ilə təmasda olan material və məmulatların təhlükəsizliyinin vacibliyi, qablaşdırmada dizaynın bədii-estetik rolu barədə məlumat verib. O, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda UNEC tələbələrinin təcrübəyə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Orxan Kazımov isə magistratura pilləsini bitirdikdən sonra Gəncə şəhərində göstərdiyi sahibkarlıq fəaliyyətindən danışaraq, karyerasında uğur qazanmağın sirlərini tələbələrlə bölüşüb. O, qida sektorunda sahibkar olmaqla yanaşı, dizayner fəaliyyəti ilə də məşğul olduğunu və bu sahədə daima yeniliklər etməyin vacibliyini bildirib.

UNEC Dizayn Məktəbinin müəllimləri Şəhla Abdullayeva, Gülçöhrə Salehzadə və Nərminə Namazova da görüşdə çıxış edərək, tələbə və məzunlara təhsil və karyeraları ilə bağlı tövsiyələr veriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay