Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda infosessiya keçirilib.
UNEC-də təhsil alan magistr və bakalavr tələbələri üçün təşkil olunan infosessiyada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları Məhəmməd Novruzzadə və Həsənağa Hüseynov çıxış ediblər.
Nazirliyin əməkdaşları tələbələrə dövlət qulluğu ilə bağlı əsas anlayışlar, dövlət qulluğunun prinsipləri, növləri və təsnifatı, dövlət qulluqçusunun məsuliyyəti, əsas hüquqları və vəzifələri, dövlət qulluğuna qəbul qaydaları və digər məsələlər barədə məlumat veriblər.
İnfosessiya tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdırılıb.