A

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilən mühazirə keçirilib.

UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev tədbirdə çıxış edərək, 20 yanvar hadisələri zamanı Sovet qoşun hissələrinin Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olaraq, dinc əhaliyə divan tutduğunu, nəticədə yüzlərlə insanın yaralandığını, qətlə yetirildiyini və itkin düşdüyünü diqqətə çatdırıb. O, yanvar hadisələrinin uzun illər SSRİ imperiyasının işğalında yaşamış Azərbaycan xalqının öz azadlıq səsini ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirərək, qəhrəmanlıq salnaməsi yazdığı şərəfli bir tarix olduğunu diqqətə çatdırıb.

UNEC-in "Humanitar fənlər" kafedrasının müdiri, professor Vəkil Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisənin sovet imperiyasının iç üzünü açdığını bildirib. O, Ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisəsindən dərhal sonra, Bakıda olmamasına baxmayaraq, öz həyatını təhlükəyə ataraq, Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gəldiyini, imperiyanın rəhbəri M.Qorbaçovu kəskin ittiham etdiyini və qoşunların Bakıdan çıxarılmasını tələb etdiyini vurğulayıb.

Mühazirədə iştirak edənlər 20 Yanvar şəhidlərini anaraq, Azərbaycanın müstəqillik və azadlıq yolunda verdiyi mübarizənin əhəmiyyətini bir daha vurğulayıblar. 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinin silinməz bir səhifəsi olaraq yaddaşlarda qalacağını bildiriblər.

TOP XƏBƏRLƏR