UNEC-in Biznes və menecment fakültəsi, fakültənin Tələbə Gənclər Təşkilatının və Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə fakültənin dekan müavini dos. Elbrus Əkbərov açaraq, Xocalı soyqırımının ermənilərin bəşəriyyətə, insanlığa qarşı törətdiyi ən dəhşətli cinayət hadisəsi olduğunu qeyd edib. E.Əkbərov Xocalı hadisələrinə düzgün qiymət verilməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Departamentin direktoru dos. Gülnarə Rzayeva bu dəhşətli faciənin baş verməsinin səbəblərini tarixi faktlarla açıqlayıb. Qeyd edib ki, ermənilər öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə ediblər.
Sonra Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov ermənilər tərəfindən müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.