Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.
Dərslərdə Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM), Rus İqtisad Məktəbində, SABAH Mərkəzində, İqtisadiyyat və idarəetmə fakültəsində, UNEC Dizayn Məktəbində, Zaqatala filialında, Ümumi fənlərin tədrisinin təşkili departamentində keçirilən xüsusi dərslərdə Xocalı faciəsindən danışılıb. Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğu, diqqətə çatdırılıb.
Xüsusi dərslərdə qeyd olunub ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Dərslərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.