Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov çıxış edərək, Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verib.
Sonra kollecin tarix müəllimi Sevil Hüseynova Xocalı soyqırımı barədə geniş məruzə ilə çıxış edərək, Xocalıda törədilmiş amansız qətliamın nəinki türk dünyasına, bütövlükdə insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım olduğunu bildirib. S. Hüseynova müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsinin Azərbaycan tarixinə Zəfər ili kimi yazıldığını, həmçinin 2023 - cü ilin 19-20 sentyabrında Xocalı daxil olmaqla, torpaqlarmızın mənfur düşmənin işğalından tamamilə azad edildiyini, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunduğunu diqqətə çatdırıb.
Tədbirdə Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr etdiyi ədəbi-bədii proqram və videoçarx nümayiş etdirilib.
Tədbirlə yanaşı, kollecdə həmçinin kitab sərgisi təşkil olunub, xüsusi dərslər keçirilib, bütün tədris qruplarında birinci dərs saatları Xocalı soyqırımına həsr edilib.