UNEC-in Mühəndislik fakültəsində tələbələrin maarifləndirilməsi məqsədilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva reproduktiv sağlamlığın insanın fiziki, emosional və sosial rifahını əhatə edən mühüm bir sahə olduğuu bildirib. O, bildirib ki, bu sahə təkcə xəstəliklərdən qorunmaqla kifayətlənmir, eyni zamanda sağlam münasibətlərin qurulması, düzgün qərarların verilməsi və gələcək həyatın planlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Daha sonra UNEC-in 3 saylı Tələbə Poliklinikasının əməkdaşları - terapevt Tamella Abdullayeva və həkim-laborant Telli Qulamova çıxış edərək, tələbələrə reproduktiv sağlamlığın mahiyyəti, cinsi yolla yoluxan infeksiyalar, ailə planlaşdırmasının üsulları, diaqnostik yanaşmalar, xəstəliklərin aşkarlanması və müalicə yolları barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.