UNEC-in Mühəndislik fakültəsində tələbələrin hüquqi biliklərini artırmaq məqsədilə “Hüquqlarını tanı – həyatını qoru” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında fakültənin dekan müavini Sevinc Abdullayeva çıxış edərək vurğulayıb ki, gənclərin insan hüquqları barədə məlumatlandırılması cəmiyyətin şüurlu və ədalətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, hər bir gəncin öz hüquq və azadlıqlarını tanıması, başqalarının hüquqlarına hörmət etməsi və ədalətsizliyə qarşı çıxma bacarığı onun sosial məsuliyyətini və vətəndaşlıq mövqeyini formalaşdırır.
Daha sonra “İqtisadiyyat” kafedrasının müəllimi Lamiyə Əlibəyli-Abdullayeva çıxış edərək insan hüquqlarının anlayışı, əsas xüsusiyyətləri, prinsipləri və tarixi barədə ətraflı məlumat verib. O, bu hüquqların gündəlik həyatda rolu və onların necə qorunub müdafiə oluna biləcəyi barədə iştirakçıları məlumatlandırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.