UNEC nəzdində Sosial-İqtisadi Kollecdə 27 sentyabr – Anım Gününə həsr olunmuş “Vətən sağ olsun!” adlı tədbir təşkil olunub. Tədbirdə şəhid ailələri, qazilər, tələbələr və valideynlər iştirak ediblər.
Anım mərasimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
44 günlük Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev çıxış edərək, şəhidlərin qəhrəmanlığının Azərbaycan gəncləri üçün örnək olduğunu vurğulayıb. O, şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını qeyd edib və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Sosial-İqtisadi Kollecin direktoru, professor Mübariz Hacıbəyov çıxışında 44 günlük II Qarabağ müharibəsini xalqımızın tarixində qızıl hərflərlə yazılmış şanlı zəfər kimi dəyərləndirib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı möhtəşəm qələbənin Azərbaycan xalqının birliyi və gücünün təntənəsi olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində tələbələr Anım Gününə həsr olunmuş şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər.