A

UNEC-in Mühəndislik fakültəsində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və şəhid məzunların ailə üzvləri iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılış nitqini Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov edib. O, çıxışında Anım Gününün tarixi əhəmiyyəti və bu günün xalqımızın yaddaşında əbədi iz buraxdığını vurğulayıb. 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışan dekan, bu qələbənin əsgər və zabitlərimizin şücaəti, xalqın birliyi və Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində əldə olunduğunu bildirib.

Daha sonra fakültənin dekan müavini Sevinc Abdullayeva təqdimatla çıxış edərək, Anım Gününün təsis olunması haqqında Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamından bəhs edib. O bildirib ki, 27 Sentyabr – Vətən müharibəsinin başlandığı və tarixi qələbənin təməlini qoyan gündür. Sevinc Abdullayeva qeyd edib ki, bu əmanəti yaşatmaq üçün hər bir gənc elmə, zəhmətə və vətənpərvərliyə sadiq olmalıdır.

Tədbir çərçivəsində fakültənin şəhid məzunlarına həsr olunmuş videoçarxlar nümayiş olunub. Videoçarxlarda onların həyat və döyüş yolları haqqında ətraflı məlumat verilib, “Xudayar təsnifi”nin səsləndirilməsi ilə UNEC şəhidlərinin xatirəsi ehtiramla yad olunub.

Sonda fakültənin tələbəsi Rehanə Əliyeva öz qələmindən çıxan “Yaşa, Azərbaycan” adlı şeirini səsləndirib. Tələbənin vətənpərvərlik ruhunda yazılmış şeiri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.

TOP XƏBƏRLƏR