27 Sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində bir sıra tədbirlər təşkil olunub.
Anım tədbirləri çərçivəsində kollecin bütün akademik qruplarında ilk dərs saatları şəhidlərimizin xatirəsinə həsr olunaraq, tələbələrə Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri haqqında geniş məlumat verilib.
Kollec rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirlərdə 44 günlük Vətən müharibəsində iştirak etmiş kollec üzvlərinin keçdiyi qəhrəmanlıq yolları xatırlanıb. Bildirilib ki, Azərbaycan Maliyyə-İqtisad Kollecindən müharibədə 54 nəfər tələbə və 1 nəfər əməkdaş iştirak edib, onlardan 8 nəfəri qazi olub, 4 nəfəri isə şəhidlik zirvəsinə ucalıb.
27 Sentyabr Anım Günü münasibətilə kollecdə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri , şəhid Qurbanov Muradın anası Mehriban Qurbanova və şəhid Bayramov Əmrahın bacısı Günay Bayramova da iştirak edərək, Vətən uğrunda canından keçmiş övladlarının igidliyindən, onların göstərdiyi fədakarlıqdan və xalqımızın bu qəhrəmanları heç vaxt unutmayacağından bəhs ediblər.
Eyni zamanda kollecdə Anım Gününə həsr olunmuş seminar və dəyirmi masa keçirilib. Tədbirlərdə tələbə və müəllim heyəti iştirak edib, şəhidlərin həyat yolu, mübarizə əzmi və Vətən sevgisi ətrafında geniş müzakirələr aparılıb.