Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Dövlət maliyyəsi” fənnindən növbəti nümunəvi mühazirə təşkil olunub.
Tədbirdə "Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, fakültənin dekanı dosent Hafis Hacıyev, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mühazirə “Maliyyə və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Mirələm Həsənli tərəfindən “Dövlət maliyyə sistemi və onun formalaşması” mövzusunda təqdim edilib.
Tədbirin əsas məqsədi tələbələrin nəzəri biliklərinin praktiki aspektlərlə inteqrasiyasını təmin etmək, dövlət maliyyəsinin əsas anlayışlarını sistemli şəkildə təqdim etmək və bu sahədə həyata keçirilən islahatlar fonunda müasir yanaşmaları ətraflı şəkildə müzakirə etmək olub.
Professor Mirələm Həsənli tələbələrə dövlət maliyyə sisteminin mahiyyəti, iqtisadiyyatda rolu və funksiyaları və struktur elementləri haqqında ətraflı məlumat verib. Eyni zamanda, maliyyə sisteminin formalaşmasına təsir göstərən daxili və xarici amillər tarixi və müasir kontekstdə təhlil olunub. Mühazirədə həmçinin, ölkəmizdə dövlət maliyyə siyasətində baş verən yeniliklər və fiskal sabitliyin təmin olunması istiqamətində atılan addımlar da xüsusi olaraq vurğulanıb.
İnteraktiv formatda keçirilən mühazirədə tələbələri maraqlandıran suallar cavablandırılıb.