A

Bakı Fond Birjası və CFA İnstitutu arasında tərəfdaşlıq çərçivəsində, UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün maliyyə və investisiya sahəsində peşəkar inkişaf imkanlarını genişləndirən yeni təşəbbüs təqdim olunub.

Tədbiri UNEC Karyera Mərkəzinin direktoru Sevinc Məcid açaraq, təşəbbüsün tələbələrin karyera inkişafında mühüm rol oynayacağını vurğulayıb. O bildirib ki, UNEC tələbələrinin beynəlxalq maliyyə sisteminə inteqrasiyasına və praktik biliklərinin artırılmasına yönələn bu cür layihələr universitetin strateji məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Təşəbbüs çərçivəsində tələbələrə “CFA Institute Investment Foundations” sertifikatı və Hacı Zeynalabdin Tağıyev Təqaüd Proqramı təqdim edilib. Tədbirdə CFA İnstitutunun nümayəndələri qlobal maliyyə sistemi, etik prinsiplər və investisiya sahəsində əsas bilikləri əhatə edən “Investment Foundations” proqramı haqqında ətraflı məlumat veriblər.

Maliyyə və iqtisadiyyat sahəsində karyera qurmaq istəyən tələbələr üçün proqram xüsusi güzəştlər (350 ABŞ dolları əvəzinə 79 ABŞ dolları) təklif edib. Həmçinin proqramı uğurla başa vuran tələbələr, Bakı Fond Birjasının təşəbbüsü ilə həyata keçirilən Hacı Zeynalabdin Tağıyev adına Təqaüd Proqramı çərçivəsində tam ödənişli “CFA Level I” imtahanına müraciət etmək imkanı əldə edəcəklər.

Təqaüd proqramı barədə məlumatı Bakı Fond Birjasının İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin rəhbəri Səbinə Atayeva təqdim edib. O, proqramın əsas məqsədinin gənclərin beynəlxalq maliyyə standartlarına uyğun bilik və bacarıqlar qazanmasına şərait yaratmaq olduğunu qeyd edib.

Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR