A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrası çərçivəsində “Elmi davranış və korrupsiyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib.

Fakültənin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbiri fakültə dekanı, dosent Hafis Hacıyev açaraq seminarın məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, bu sahədə həyata keçirilən Milli Fəaliyyət Planının rolu və töhfələrindən danışıb. Dekan, gənclərin şəffaflıq və etik dəyərlərin qorunmasında fəal iştirakının vacibliyini qeyd edərək, tələbələrin elmi davranış normalarına əməl etməsinin və korrupsiyaya qarşı mövqelərinin möhkəmləndirilməsinin gələcək peşəkar həyatlarında mühüm rol oynadığını bildirib.

Seminarda “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov çıxış edərək müasir dövrdə elmi fəaliyyətin yalnız bilik və bacarıqla deyil, eyni zamanda yüksək mənəvi və etik dəyərlərlə müşayiət olunmasının zəruriliyini vurğulayıb. O, elmi dürüstlüyün – şəffaflıq, obyektivlik və məsuliyyətlilik kimi keyfiyyətlərin əsasında dayandığını qeyd edərək, bu prinsiplərin qorunmasının gənc tədqiqatçıların formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Professor Əvəz Ələkbərov həmçinin korrupsiyaya qarşı mübarizənin yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın, xüsusilə də gənclərin mənəvi borcu olduğunu diqqətə çatdırıb. O, gəncləri gündəlik həyatlarında və elmi fəaliyyətlərində ədalət, dürüstlük və şəffaflıq kimi dəyərlərə üstünlük verməyə çağırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay