UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Bakı Fond Birjasının (BFB) Maliyyə laboratoriyasında “Azərbaycan kapital bazarında bir ilk: Dəyişən faizli istiqrazlar” mövzusunda təlim keçirilib.
Təlim UNEC-in Maliyyə və mühasibat fakültəsinin və Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinin iştirakı ilə baş tutub.
Bakı Fond Birjasının Ticarət və Dəstək üzrə böyük inzibatçısı Rübabə Mustafayeva təlim iştirakçılarına Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazları barədə geniş məlumat verib. O, həmçinin bu istiqrazların ticarətində təmiz qiymət prinsipinin tətbiqi və hesablama mexanizmini izah edib.
Sessiyanın praktiki hissəsində tələbələr BFB təlimçisinin rəhbərliyi ilə AYİB istiqrazları nümunəsində dəyişən faizli istiqrazların təmiz qiymət prinsipi əsasında hesablanmasını yerinə yetiriblər.
Tədbir çərçivəsində interaktiv viktorina (quiz) da təşkil olunub. Nəticələrə əsasən, ən yüksək bal toplayan tələbə Bakı Fond Birjası tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.