UNEC-in Mühəndislik fakültəsində müəllim və tələbələrin iştirakı ilə “Kibertəhlükəsizlik və internetdəki təhlükələrdən qorunma” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi informasiya təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə üsulları və bu sahədə gənclərin bilik səviyyəsinin artırılması olub.
Fakültənin dekanı, dosent Elçin Səmədov çıxışında vurğulayıb ki, kibertəhlükəsizlik yalnız IT mütəxəssislərinin deyil, həm də mühəndislərin məsuliyyətidir, çünki istehsalın dayanıqlığı və fiziki təhlükəsizlik bu sahə ilə sıx bağlıdır. O, mövzunun aktuallığını qeyd edərək, internetdən səmərəli istifadə ilə yanaşı, ondan doğan risklərə qarşı fərdi məsuliyyətin vacibliyini də diqqətə çatdırıb və bir sıra faydalı tövsiyələr verib.
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Əflatun Məmmədov tələbələrə kibertəhlükəsizliyin əsas anlayışları, Milli Strategiyanın prioritet istiqamətləri, ən çox rast gəlinən kiberhücum növləri, süni intellektin bu sahəyə təsiri, gələcək trendlər və Azərbaycanın kibertəhlükəsizlik perspektivləri barədə ətraflı məlumat təqdim edib.
Fakültənin dekan müavini Sevinc Abdullayeva isə bildirib ki, internet təhlükələri barədə məlumatlı olmaq və bu istiqamətdə biliklərin artırılması tələbələrin gələcək peşə fəaliyyətində mühüm rol oynayır. Onun sözlərinə görə, sənaye mühəndisləri yalnız texniki və idarəetmə bacarıqlarına deyil, həm də rəqəmsal təhlükəsizlik şüuruna sahib olmalıdırlar.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.