Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi iştirakçısı, Suqovuşanda Azərbaycan bayrağını sancan qəhrəman hərbçi İlkin Fərzəliyev, “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salman qızı, həmçinin fakültənin müəllim və tələbə kollektivi iştirak ediblər.
Fakültənin dekan müavini Mehriban Kərimzadə çıxış edərək iştirakçıları Bayraq Günü münasibətilə təbrik edib və üçrəngli Azərbaycan bayrağının tarixi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da üçrəngli bayraq dövlət rəmzi kimi qəbul edilib. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bu bayraqdan imtina olunsa da, 1990-cı ildə yenidən bərpa edilib. Mehriban Kərimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sonra İlkin Fərzəliyev Vətən müharibəsi dövründə keçdiyi döyüş yollarından və Suqovuşanda Azərbaycan bayrağını sancdığı an yaşadığı qürur hisslərindən danışıb.
Çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bugünkü gənclik Azərbaycanın gələcəyidir və onların hər birinin borcu bu müqəddəs bayrağı daim uca tutmaqdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.