Mühəndislik fakültəsində “İnsan hüquqlarının pozulması və qeyri-insani rəftarla mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva mövzunun aktuallığından bəhs edərək bildirib ki, tədbirin əsas məqsədi insan hüquqlarının qorunması, qeyri-insani rəftarın qarşısının alınması və cəmiyyətdə ədalət, bərabərlik kimi fundamental prinsiplərin daha da gücləndirilməsidir. O vurğulayıb ki, insan hüquqlarının müdafiəsi təkcə bu gün üçün deyil, gələcək nəsillərin taleyini müəyyən edən strateji bir məsələdir.
Daha sonra çıxış edən “İqtisadiyyat” kafedrasının dosenti Ələddin Hacılı qeyd edib ki, insan hüquqları fərdin milliyyətindən, dinindən, cinsindən, dilindən, siyasi baxışından və sosial statusundan asılı olmayaraq toxunulmaz və universal dəyərlərdir. Onun sözlərinə görə, bu hüquqların müdafiəsi yalnız qanunların deyil, eyni zamanda vicdanın və sosial məsuliyyətin tələbidir.
Ə.Hacılı bildirib ki, bu gün dünyada işgəncə, zorakılıq, ayrı-seçkilik, psixoloji təzyiq kimi qeyri-insani rəftar formalarına hələ də rast gəlinir. Bu kimi hallar yalnız fərdlərin hüquqlarını deyil, ümumilikdə toplumun inkişafını, insanlıq anlayışını, sülh və sabitliyi də təhlükə altına alır.