“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Zəfər Gününün Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq və birliyin rəmzi olduğunu bildirib, Vətən müharibəsində qazanılan Qələbənin ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında mühüm mərhələ təşkil etdiyini qeyd edib, tələbələrin vətənpərvərlik ruhunda formalaşdırılmasının Universitetin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
“Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov çıxış edərək Vətən müharibəsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, tələbələri bu Qələbənin dəyərini daim qorumağa və müstəqil Azərbaycanın inkişafına öz bilik və bacarıqları ilə töhfə verməyə çağırıb.
“Azərbaycan bayrağı” ordenli, müharibə veteranı polkovnik Elmar Hüseynov çıxış edərək Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətindən, əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolundan, ön və arxa cəbhənin birliyindən danışıb, gənclərlə öz xatirələrini bölüşüb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.