A

UNEC-də İnklüziv Təhsil Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə əlil məzunlarla görüş keçirilib.

Görüşün əsas məqsədi UNEC-də təhsil almış əlilliyi olan məzunların hazırkı vəziyyətini qiymətləndirmək, onların əmək bazarında üzləşdiyi çətinlikləri öyrənmək, həmçinin uğur qazanmış məzunların həyat hekayələrini təqdim etməklə digər tələbələri motivasiya etmək olub.

Tədbirdə tələbələrlə iş üzrə prorektor, dos. Səadət Qəndilova, İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, məzunlar, eləcə də mərkəzin əməkdaşları və UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatının könüllüləri iştirak ediblər.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dos. Səadət Qəndilova tədbiri açaraq, UNEC-də inklüziv təhsilin inkişafına verilən xüsusi qayğı və diqqətdən danışıb. Bildirib ki, məzunlarla belə görüşlərin keçirilməsi həm onların mövcud vəziyyəti ilə tanış olmaq, həm də UNEC-də təhsil alan digər həssas qruplardan olan tələbələr üçün motivasiya və maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır. Səadət Qəndilova məzunlara gələcək iş fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, UNEC daim onların yanında olacaq və tələbə–məzun dəstəyini davam etdirəcək.

İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova çıxışında mərkəzin yaradılmasının ilk illərindən etibarən inklüziv təhsilin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, 10 il ərzində yüzlərlə tələbəyə fərdi dəstək göstərildiyini və bu dövrdə mərkəzin inklüziv təhsil sahəsində əhəmiyyətli təcrübə topladığını qeyd edib. Sevinc Məhsimova qeyd edib ki, növbəti mərhələdə mərkəzin fəaliyyətinin genişləndirilməsi və müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

Sonda məzunlar UNEC-də təhsil aldıqları dövrdə mərkəzdən gördükləri dəstəyin onların akademik fəaliyyətinə və peşəkar inkişafına müsbət təsir göstərdiyini bildiriblər. Onlar inklüziv təhsil mühitinin formalaşdırılması istiqamətində aparılan işləri yüksək qiymətləndirərək UNEC rəhbərliyinə və mərkəzin kollektivinə təşəkkürlərini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay