UNEC İnklüziv Təhsil Mərkəzinin sosial təşəbbüsü olan “UNEC HELPS” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) maarifləndirici görüş keçirilib.
Görüşün məqsədi İnklüziv Təhsil Mərkəzinin 10 illik fəaliyyətinin təqdimatı və pedaqoji heyət ilə tələbələrin inklüziv mədəniyyət mövzusunda məlumatlandırılması olub.
Tədbirdə İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova çıxış edərək mərkəzin 10 il ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və tətbiq edilən UNEC modeli barədə geniş məlumat verib. O, ölkədə inklüziv təhsilin inkişaf etdirilməsinin mühüm addımlardan biri olduğunu vurğulayaraq inklüziv təhsil strategiyalarının ali təhsildə səmərəli şəkildə tətbiq edilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin müəllim heyətinin bu sahədə peşəkar inkişafının və tələbələrin inklüzivlik mövzusunda maarifləndirilməsinin zəruri olduğunu bildirib.
Görüş zamanı UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti, tələbələr üçün yaradılan uyğunlaşdırılmış tədris mühiti, psixoloji və sosial dəstək xidmətləri, eləcə də əlçatanlıq istiqamətində həyata keçirilən layihələr barədə təqdimat nümayiş etdirilib.