Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda separatçılara qarşı apardığı antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbəsi Məmmədhəsənov Qasim Bilal oğlunun dekabr ayının 18-də doğum günü idi. Yaşasaydı 24 yaşı olacaqdı.
Anım günü münasibətilə fakültənin dekanı dosent Hafis Hacıyev və tələbələri şəhidin ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qaraqaşlı kəndində Qasim Məmmədhəsənovun məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, şəhid Məmmədhəsənov Qasim Bilal oğlu ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!