Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Anım tədbirini UNEC-in Zaqatala filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova açaraq 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik mübarizəsində tutduğu tarixi mövqedən, şəhidlərin göstərdiyi qəhrəmanlıq nümunələrindən və bu faciənin milli yaddaşımızdakı əhəmiyyətindən bəhs edib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşov çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, milli həmrəyliyin formalaşmasında oynadığı rol və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi barədə fikirlərini bölüşüblər.
Daha sonra UNEC-in Zaqatala filialının müəllimi Qüdrət Qırtımov, Tələbə-rektor Həzizadə Cavidan və müəllim Əli Şabanov çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan dövlətçiliyinin bərpasına aparan yolda dönüş nöqtəsi olduğunu vurğulayıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd ediblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.