A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, “Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova, fakültənin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Dəyirmi masa Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov açaraq, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli iradəsinə, azadlıq istəyinə və suverenlik hüquqlarına qarşı yönəlmiş ağır hərbi-siyasi cinayət olduğunu bildirib, 20 Yanvar faciəsinin yalnız qanlı bir hadisə deyil, eyni zamanda xalqımızın milli azadlıq iradəsinin, müstəqillik əzminin parlaq təzahürü olduğunu vurğulayıb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının sovet imperiyasına qarşı apardığı azadlıq mübarizəsində dönüş nöqtəsi olub, milli oyanışın güclənməsinə gətirib çıxardığını qeyd edib.

“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək 20 Yanvar faciəsinə aparan ictimai-siyasi prosesləri geniş təhlil edib, sovet imperiyasının Azərbaycan xalqının haqq səsini boğmaq məqsədilə Bakıda və respublikanın digər bölgələrində həyata keçirdiyi hərbi müdaxilənin mahiyyətinə toxunaraq, dinc əhaliyə qarşı törədilmiş bu qanlı əməllərin beynəlxalq hüquq normalarına zidd olduğunu diqqətə çatdırıb, 20 Yanvar hadisələrinin Azərbaycanın dövlət müstəqilliyinə gedən yolda həlledici dönüş nöqtəsi kimi tarixə düşdüyünü bildirib.

Dəyirmi masada 20 Yanvar faciəsinə ilk rəsmi və qəti siyasi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyi xüsusi vurğulanıb, Ümummilli Liderin prinsipial mövqeyi nəticəsində bu faciəyə siyasi-hüquqi qiymət verildiyi, hadisələrin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığı və şəhidlərimizin xatirəsinin dövlət səviyyəsində uca tutulduğu qeyd edilib.

Tədbir iştirakçıları 20 Yanvar faciəsinin tarixi həqiqətlərinin gənc nəsillərə aşılanmasının vacibliyini qeyd edərək, bu kimi maarifləndirici tədbirlərin milli yaddaşın qorunmasında mühüm rol oynadığını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay