UNEC-in Rus İqtisad Məktəbinin Diplomatiya təşkilatının təşəbbüsü ilə beynəlxalq münasibətlər, beynəlxalq ticarət və logistika ixtisaslarında təhsil alan tələbələrin Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşü keçirilib.
Tədbirdə Qazaxıstan səfirliyinin əməkdaşları, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, eləcə də UNEC Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov iştirak ediblər.
Görüşün açılışında çıxış edən Mənsur Bərxudarov UNEC-lə Qazaxıstanın ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıq əlaqələrindən və birgə layihələrdən bəhs edib. O, bu kimi görüşlərin tələbələrin beynəlxalq baxışının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbir tələbəyönümlü formatda təşkil olunub və əsas diqqət tələbələrin suallarına ayrılıb. Tələbələr diplomat peşəsinin mahiyyəti, bu sahədə uğur qazanmaq üçün tələb olunan bilik və keyfiyyətlər, həmçinin beynəlxalq münasibətlər istiqamətində karyera imkanlarının yaradılması və dəyərləndirilməsi ilə bağlı suallar ünvanlayıblar.
Səfir Alim Bayel çıxışına Azərbaycan dilində başlayaraq Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixi və strateji əhəmiyyətinə toxunub, iki qardaş xalq arasında münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Beş dil, o cümlədən Azərbaycan və türk dillərini bilən səfir diplomatın gündəlik fəaliyyəti, beynəlxalq danışıqların xüsusiyyətləri və şəxsi təcrübəsi barədə səmimi fikirləri tələbələrini tələbələr böyük maraqla dinləyiblər.