Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fakültə dekanı, dosent Elman Cəfərov çıxış edərək 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş amansız qətliam barədə ətraflı məlumat verib. Dekan vurğulayıb ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və beynəlxalq hüquq normalarına zidd olaraq törədilmiş ən ağır cinayətlərdən biridir. Yüzlərlə günahsız insanın, xüsusilə uşaq, qadın və qocaların qəddarlıqla qətlə yetirilməsi tariximizin qan yaddaşına silinməz izlər qoyub.
Tədbir çərçivəsində tələbələr tərəfindən faciənin dəhşətlərini və tarixi faktları əks etdirən geniş təqdimatlar nümayiş olunub. Nümayiş etdirilən videoçarxlar iştirakçılara Xocalı həqiqətlərini bir daha xatırladıb. Çıxışlarda qeyd edilib ki, Xocalı faciəsini unutdurmamaq və bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının, xüsusilə gənc nəslin mənəvi borcudur.
Sonda xalqımızın şəhidlərimizin xatirəsini daim uca tutduğu, bu kimi anım tədbirlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığı bildirilib. Tədbir iştirakçıları gələcək nəsillərin bu tarixi dərsləri doğru şəkildə qavramasının vacibliyini vurğulayıblar.