A

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin birgə təşəbbüsü ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Al-qırmızı gəlinlik” adlı tamaşa nümayiş olunub.

Dərin emosional təsirə malik olan bu səhnə əsəri, xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin ağrı-acısını gənc nəslin baxış bucağından yenidən tamaşaçılara çatdırıb.

Səhnə əsəri Vaqif və Dilbərin uşaqlıqdan başlayan saf sevgi hekayəsi üzərində qurulub. Faciə gecəsi qəfil eşidilən güllə səsləri ilə yarımçıq qalan bu sevgi hekayəsi vasitəsilə o dövrün dəhşətləri tamaşaçılara çatdırılıb. Tamaşada fərdi duyğularla yanaşı, vətənpərvərlik, fədakarlıq və sədaqət kimi ali dəyərlər ön plana çıxarılıb.

Səhnə əsərinin ən təsirli məqamlarından biri, toy günü bəy libasını çıxararaq “Toyumu yarım qoydular, amma Vətən yarım qalmasın” deyib döyüşə atılan Vaqif obrazıdır. Bununla yanaşı, dostunu darda qoymayan Akifin sədaqəti və al-qırmızı gəlinliyi yasa dönən Dilbərin ağır taleyi səhnələşdirilib.

Emosional yükü ilə seçilən tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR