Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini, t.e.n. Murad Muradov çıxış edərək Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verib. Xocalı faciəsinin şahidi, Səbail rayonu 162 nömrəli məktəbin tarix müəllimi Gülbəniz Abbasova qanlı gecədə törədilən soyqırımı iştirakçıların xatirələrindən danışıb.
Kollecin tarix müəllimi Turanə Hüseynov Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edərək, Xocalıda törədilmiş amansız qətliam təkcə türk dünyasına deyil, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım aktı olduğunu bildirib.
Tədbirin bədii hissəsində Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii proqram və videoçarx nümayiş etdirib.
Bundan əlavə, kollecdə kitab sərgisi təşkil olunmuş, xüsusi dərslər keçirilmiş və bütün tədris qruplarında birinci dərs saatları Xocalı soyqırımına həsr edilib.
26 fevral tarixində isə kollecin müəllim və tələbə heyəti faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib.
Ziyarətçilər abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.