UNEC Karyera Mərkəzinin təşkilatçılığı və EY ilə tərəfdaşlıq çərçivəsində EOY Talks sessiyası keçirilib.
Sessiyanın növbəti qonağı Müşfiq Hüseynov olub. O, AZSAFFRON brendinin sahibi və EY “İlin İş Adamı 2026” müsabiqəsinin Kənd təsərrüfatında inkişaf nominasiyasının qalibidir.
UNEC-in Rus İqtisad Məktəbinin tələbələri ilə görüşdə Müşfiq Hüseynov universitetin məzunu olduğunu (bakalavr 2005, magistr 2007) bildirib. Sahibkar AZSAFFRON brendinin yaranma tarixi, biznes fəaliyyətində qarşılaşdığı çətinliklər və müsabiqədə iştirakı ilə bağlı təcrübəsini iştirakçılarla bölüşüb.
Qeyd olunub ki, AZSAFFRON şirkəti zəngin ailə ənənələrinə əsaslanaraq premium keyfiyyətli zəfəran və bu bitkidən hazırlanmış eksklüziv məhsullar istehsal edir. Şirkətin uzunmüddətli hədəfi brendi qlobal miqyasda aparıcı lüks markalardan birinə çevirməkdir.
Görüş zamanı sahibkar yerli zəfəran istehsalçılarına dəstək göstərdiyini vurğulayıb, zəfəranın yetişdirilməsi ənənələri ilə bağlı videomateriallar təqdim edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.