UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə gənclər arasında narkomaniya ilə mübarizəyə həsr olunmuş “İradənə sahib çıx!” adlı maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilən görüşdə kollecin direktor müavini, t.f.d. Murad Muradov, müəllimlər və tələbələr iştirak ediblər. Tədbirin əsas məqsədi tələbə gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq və onları sağlam həyat tərzinə təşviq etmək olub.
Görüşdə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli geniş məruzə ilə çıxış edib. Mütəxəssis narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və sosial mühitə vurduğu ağır zərbələrdən bəhs edərək, gənclərin bu cür təhlükəli vərdişlərdən qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
İnteraktiv formatda davam edən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və narkomaniya ilə mübarizəyə dair maarifləndirici tövsiyələr verilib.