UNEC TUDİFAK Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Fake VS Real Science” adlı dəyirmi masa təşkil olunub.
Tədbirin məqsədi həqiqi elm ilə mif, dezinformasiya və yalan elm arasındakı sərhədləri aydınlaşdırmaq, tələbələrin tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək olub. Müzakirələr zamanı elmi iddiaların yoxlanılması, mənbələrin etibarlılığı və elmi metodun əsas prinsipləri kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Dəyirmi masada “real elm” anlayışı izah edilərək onun əsas xüsusiyyətləri, sübutlara əsaslanma, təkrar yoxlanıla bilmə (verifikasiya) və obyektivlik vurğulanıb. Bunun əksinə olaraq “fake science” anlayışının subyektiv fikirlərə, yanlış interpretasiyalara və çox zaman manipulyativ məqsədlərə söykəndiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, saxta elmi məlumatlar xüsusilə səhiyyə, ekologiya və texnologiya sahələrində cəmiyyət üçün ciddi risklər yarada bilər.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.