“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın İndikator Cədvəlinin “Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” adlı prioritet istiqamətinin icrası ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində UNEC Karyera Mərkəzinin dəstəyi ilə tələbələr üçün “Maliyyə və mühasibatlıqda avtomatlaşdırma və AI” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir dövrdə rəqəmsallaşma və süni intellekt texnologiyalarının maliyyə və mühasibatlıq sahəsində iş proseslərini köklü şəkildə dəyişdirdiyini, avtomatlaşdırılmış sistemlərin məlumatların emalını sürətləndirməklə yanaşı, maliyyə hesabatlılığında dəqiqliyin, şəffaflığın və operativliyin artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, eyni zamanda süni intellekt əsaslı həllərin audit, risklərin idarə olunması, maliyyə analitikası və qərarvermə proseslərində geniş tətbiq olunduğunu qeyd edərək bu istiqamətdə gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin, innovativ texnologiyalara uyğun peşə kompetensiyalarının formalaşdırılmasının və gələcəyin əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
“WeFinix Academy”-nin təsisçisi, maliyyə sahəsində rəqəmsal transformasiya, avtomatlaşdırma və AI üzrə peşəkar mütəxəssis Şəhla Abdulla və mühasibatlıq üzrə ekspert Faiq Abdullayev geniş təqdimatla çıxış edərək maliyyə və mühasibatlıq peşəsinin gələcək inkişaf tendensiyalarından bəhs ediblər, süni intellekt və avtomatlaşdırma alətlərinin mühasibat uçotu, maliyyə hesabatlılığı, audit və data analitikası sahələrində iş proseslərini əhəmiyyətli dərəcədə dəyişdirdiyini, mütəxəssislərin daha çox analitik düşüncə, strateji qərarvermə və risklərin idarə olunması istiqamətində fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar, eyni zamanda gələcəyin yeni nəsil mühasiblərinin rəqəmsal texnologiyalar, AI alətləri, maliyyə proqramları, data analitikası, kibertəhlükəsizlik və innovativ platformalar üzrə bilik və bacarıqlara sahib olmasının müasir əmək bazarının əsas tələblərindən birinə çevrildiyini diqqətə çatdırıblar.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.