UNEC-in Mühəndislik fakültəsində müəllim və tələbələrin iştirakı ilə korrupsiyaya qarşı mübarizə, hüquqi maarifləndirmə və etik dəyərlərin təşviqi məqsədilə “Dürüstlük seçim deyil, dəyərdir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. O bildirib ki, korrupsiya cəmiyyətin inkişafına mane olur, sosial bərabərsizliyi artırır və gənclərin ədalətə olan inamına mənfi təsir göstərir.
Sonra fakültənin dekan müavini Sevinc Abdullayeva şəffaflığın və dürüst davranışın vacibliyindən danışıb. O, gənclərin bu istiqamətdə aktiv və prinsipial mövqe nümayiş etdirməsinin önəmini qeyd edərək bildirib ki, sağlam düşüncəli və məsuliyyətli gənclər cəmiyyətin əsas dayaqlarından biridir.
Sonda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi İlhamə Allahverdiyeva çıxış edərək bu cür təşəbbüslərin gənclərin hüquqi maariflənməsi və sağlam ictimai dəyərlərin formalaşması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.