A

UNEC torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərimizi ehtiramla yad edir…Əbədi tələbəmiz Rəmzi Əsgərov yaşasaydı, bu gün 50 yaşı tamam olacaqdı. Rəmzinin bacısı Sevil Əsgərova unec.edu.az saytına şəhid qardaşı ilə bağlı xatirələrini bölüşür

  • Rəmzi 1967-cı il yanvarın 21-də Laçında anadan olub... Ailədə səkkiz uşaq idik, dörd bacı, dörd də qardaş. Rəmzi ailənin üçüncüsü idi. Hələ uşaqlıqdan cəsurluğu, mərdliyi və ədalət hiss ilə məktəbdə seçilirdi. Ən böyük arzusu hərbçi olmaq idi. 8-ci sinifdə oxuyanda müəllim “Sən böyüyəndə kim olmaq istəyirsən?” mövzusunda inşa yazmağı tapşırmışdı. Bu arzusunu elə gözəl sözlərlə ifadə etmişdi ki, “5” qiymət almışdı. Rəhmətlik anam Rəmzinin həmin dəftərini son günə qədər özündə saxladı...
  • - Rəmzi necə insan idi?- Çox ünsiyyətcil oğlan idi. Hələ orta məktəbdə oxuyanda müəllimləri ilə həddən artıq səmimi münasibəti var idi. Gözəl təşkilatçılıq qabliyyəti və qoçaqlığına görə məktəbin bütün tədbirlərində fəal iştirak edirdi. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna, indiki UNEC-ə daxil olur. Tələbəlik dövründə də özünə xeyli dost-yoldaş qazanmışdı. Müəllimləri ilə o qədər səmimi münasibəti var idi ki... Yaxşı xatırlayıram, bir dəfə müəllimlərdən birinin toyu idi. Rəmzi də iştirak etmişdi... Toy məclisi “Səadət sarayı”nda keçirilmişdi. Rəmzi toyda çıxış da etmişdi, o müəllimin adını yadıma sala bilmirəm ki, görüntüləri əldə edib qardaşımdan xatirə saxlayım... O dövrki qanunlarda əsgərlik yaşı çatan bütün gənclər hərbi xidmətə gördərilirdi. Rəmzinin də yaşı çatanda ali təhsilini yarımçıq qoyub, hərbi xidmətə yollandı. Düz iki il Moskva ətrafındakı hərbi hissələrdən birində qulluq etdi. Qayıdandan sonra yenə ali təhsilini davam etdirdi...
  • - Sonra yenə təhsilini yarımçıq qoyub, könüllü Qarabağa yollandı...
  • - Bəli... O vaxtlar kiçik qardaşım Fuad da bu universitetin tələbəsi idi. 1988-ci ilin fevralında çaxnaşma başladı. Bu dəhşət Qarabağın bütün bölgələri kimi Laçında da özünü göstərirdi. Vəziyyət belə olanda hər iki qardaşım təhsilini yarımçıq qoyub, Laçına qayıtdılar. Anam nə qədər ağladı, yalvardı... Siz oxuyursunuz, qoyun böyük qardaşlarınız getsin dedi... Onlar sənin, bacılarımın üstündə göz olsunlar dedilər. Rəmzinin səsi bu günə qədər qulaqlarımdadır. Bax, eyni ilə belə demişdi: “Ana, təhsil, oxumaq həmişə var. Amma torpağı əldən verdinsə, sabah sənin diplomun da heç bir işə yaramayacaq. Mən Laçını darda qoyub, gedib Bakıda oxuya bilmərəm”.
  • - Döyüşə yollananda neçənci kursda oxuyurdu?- Fuad III, Rəmzi isə IV kursda oxuyurdu. Rəmzi qiyabi təhsil alırdı, həm də səkkiz ay idi toyu olmuşdu... Təhsilini də, ailəsini də yarımçıq qoyub Vətənin müdafiəsinə yollandı... Arada imkan olduqca tez-tez evə gəlirdi... Qapıdan girəndə anama ilk sözü o olurdu ki, yeməyə nə var, uşaqlara aparım... “Tikanlı zəmi” adlanan ərazidə polk komandiri idi. Sanki bütün döyüşçülərin məsuliyyətin öz üzərində hiss edirdi. Bir gün xəbər gəldi ki... Rəmzi şəhid olub... Dörd bacı özümüzü döydük... Anam dinmədi, dedi elə bir şey mümkün deyil. Ana ürəyim deyir ki, balam sağdır... Düz doqquz gün insan seli evimizə axışdı, başsağlığına gəldilər, anam dedi oğlum qayıdacaq... Kompotlar bağlayırdı ki, Rəmzi gəlib əsgərlərə aparacaq... Ana ürəyi yanılmamışdı. Sən demə kəşfiyyata gedəndən sonra nə isə olub, əlaqə itib. Düz doqquz gün yerini müəyyən etmək mümkün olmayıb, özü də xəbər verə bilməyib...
  • -Yaşadığından necə xəbər tutdunuz?-Döyüşçü dostları daima gəlib-gedirdilər. Bir gün qəfil onlarla birlikdə girdi qapıdan... Nə halda idi, üzünü saqqal basmışdı... Elə bil bizə dünyanı verdilər. Amma çox keçmədi ki, o dünyanı əlimizdən aldılar. Rəmzinin gedişi ilə həyatımız zülmətə döndü...
  • - Şəhid olması xəbərini necə aldınız?- Artıq Laçın işğal olunmuşdu, qol-qanadımız sınmışdı. İmişlidə, atamın dostugildə məskunlaşmışdıq. Ümidimiz ona idi ki, Rəmzi, Fuad döyüşür, bu məskunlaşmaq, köç müvəqqətidir. 1992-ci il mayın 26-da atamın dostu xəbər gətirdi ki, Rəmzi ayağında yaralanıb, Ağcabədidə hospitaldadır. Getdik ki, camaat yığışıb... Onda bildik ki, bizi aldadıb gətiriblər. Rəmzi bir gün əvvəl, mayın 25-də Laçının Güləbirt kəndi uğrunda gedən gərgin döyüşlərdə 24 yaşında qəhrəmancasına həlak olmuşdu. Yeri yox, yurdu yox... Şəhidin tabutunu göndərməyə ünvanı yox... Ermənilər hamısını məhv etmişdi. Ona görə də cənazəsini Ağcabədi rayonuna gətirmişdilər... Ağcabədinin Ovşar kəndində dəfn etdik. Dəfndə anam saçlarıını yolub nalə çəkirdi ki, balamı buraya əmanət edirəm. Torpağımız alınan kimi çıxardıb yurdumuza aparacağam. Üç ay keçdi... Torpaqların işğaldan azad edilməsi bu günün, sabahın işi olmadığı məlum olandan sonra qardaşımın nəşini çıxardıb, gətirib Beyləqanda dəfn etdik... Gənc həyat yoldaşı Xarici Dillər Universitetində oxuyurdu. Bu hadəsədən elə sarsıldı ki, təhsili də atdı. Evə qapandı... İllər keçdi, anam nə qədər xahiş etdi ki, sən də mənim beşinci qızım, həyatına davam et... Heç birimizi dinləmədi... Bütün ömrünü tənha yaşadı, tənha yaşlandı... Rəmzinin gedişi hamımızın həyatından sevinci apardı...

TOP XƏBƏRLƏR