Martın 2-də UNEC-in məzunu, şəhid Nazim Cəbrayılovun doğum günüdür.Nazim İbrahim oğlu Cəbrayılov 1949-cu ildə Ağdam şəhərində anadan olub. 1970-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Ticarətin iqtisadiyyatı fakültəsini bitirib. Təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Nazim Cəbrayılov Kalininqrad milis məktəbində oxuyaraq ikinci ixtisas diplomu alıb. Bir müddət çalışdıqdan sonra vətənə qayıdaraq, 2711 saylı hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb.Nazim Cəbrayılov 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olub. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edən baş leytenant N.Cəbrayılov Müdafiə Nazirliyinin əmri ilə tağım komandiri təyin olunub. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. Təəssüflər olsun ki, bu rütbəni daşımaq ona nəsib olmayıb. Həmin il aprelin 18-i igid komandir və onun əsgərləri üçün axırıncı döyüş olub.

Erməni millətçilərinə qan uddurduğuna görə düşmən Nazim Cəbrayılovun cənazəsini ailəsinə verməyib. Bu gün onun məzarı millətini, xalqını sevənlərin qəlbindədir.Ölümündən sonra Nazim Cəbrayılov ölkənin ən ali mükafatı – “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.Şəhidin həyat yoldaşı Rəhilə Cəbrayılova onun şərəfli döyüş və ömür yolunu əks etdirən “Ölməzliyə abidə”  kitabını yazıb.

TOP XƏBƏRLƏR